Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Zəngilanda Dövlət Proqramı çərçivəsində bərpa-quruluculuq işləri həyata keçirilir.
İndiyədək rayona 1514 nəfərdən ibarət 329 ailə köçürülüb. Onların isə 593 nəfəri əmək qabiliyyətlidir.
Tarixən kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan yerli əhali keyfiyyətli və dadlı məhsulları ilə tanınıb.
Hazırda isə vəziyyətin necə olduğunu bilmək üçün uzun illər bu sahədə çalışan Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədovla həmsöhbət olduq.
Direktor bildirdi ki, unikallığı ilə seçilən Zəngilan rayonu ölkənin heç bir ərazisinə bənzəmir. Rayon ərazisindən 4 iri çay axır.
Dağətəyi bölgədə yerləşən Zəngilan rayonunun iqtisadi inkişafı tarixən, əsasən, kənd təsərrüfatı istiqamətli olub, Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında ölkə Prezidentinin 2021-ci il tarixli fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə ilkin halda minalardan təmizlənmiş ərazilərin 655 hektarı suvarılan sahə olmaqla 5 min 897 hektarın payızlıq əkinlər üçün şumlanması yararlıdır.
Müsahibimiz rayonda tarixən formalaşan heyvandarlığın inkişafına bu gün də xüsusi önəm verildiyini söylədi: – Heyvandarlıq üzrə daha çox məşğul olan “Dost aqropark” MM-nin Sarıl və Xumarlı kəndlərində, eləcə də “Yazı düzü” adlanan ərazidə 750 hektar örüş sahəsi var.
Ötən müddətdə Uruqvaydan 3 min 622 baş “Abeerdin anqus” cinsli yüksək məhsuldarlığı ilə seçilən ətlik mal gətirilib.