Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarix boyu baş verən etiraz dalğaları xalqlar üçün ya azadlıq, dəyişiklik, ya da ağır itkilər gətirib. İranda isə ötən ilin 28 dekabr tarixində baş qaldıran etiraz dalğası yüzlərlə insanın ölümü ilə nəticələndi. Qanlı meydanlarda hökumət əleyhinə etiraz şüarları səslənərkən, media məkanında da liderlərin qarşılıqlı təhdid mesajları səngimirdi. Etirazlar bitdikdən sonra İran hakimiyyəti ilə bağlı iki fərqli siyasi yanaşma formalaşdı. Bəziləri molla rejiminin xalqa güc gələ bilmədiyi üçün silaha əl atdığını söyləyərkən, digər bir qisim İrandakı gərginliyin səbəbini xarici qüvvələrin müdaxiləsində görürdü. Etirazların alovlandığı dönəmdə, devrilmiş şahın oğlu Rza Pəhləvi də bəyanatlarından geri qalmırdı. Rza özünü Pəhləvi sülaləsinin varisi və İranın mövcud hakimiyyətinə alternativ siyasi fiqur kimi təqdim edir. Lakin İran cəmiyyətində onu dəstəkləyənlər demək olar ki azdır. Bunun əsas səbəbi kollektiv tarixi yaddaşdır. Rza Pəhləvinin babası və atasının hakimiyyəti dövründə ölkədə avtoritar idarəçilik, genişmiqyaslı repressiyalar, yoxsulluq, eləcə də dil və mədəni hüquqların məhdudlaşdırılması xalqı boğaza yığmışdı. Məhz bu amillər Pəhləvilər sülaləsinin süqutunu qaçılmaz edib.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında İran cəmiyyətində şah rejiminə qarşı formalaşmış dərin nifrətin səbəblərini tarixi faktlar əsasında şərh edib:

“Pəhləvi sülaləsinin tarixini İran cəmiyyəti yaxşı xatırlayır. Mən əminəm ki, atası və babasının zülmünü görmüş xalq, Rza Pəhləvini heç vaxt rəhbər kimi qəbul etməyəcək. Onun babası Rza Şah Pəhləvi etnik mənsubiyyətinə görə azərbaycanlı olsa da, Persiya Kazak Briqadasında xidmət etmiş, rus hərbi təlimi almış zabit idi. O, Qacarlar sülaləsinin zəifləməsindən istifadə edərək, ingilislərin dəstəyi ilə İranın rəhbəri olmuşdu. Onun hakimiyyəti dövründə ölkədə qəddar və mərkəzləşdirilmiş idarəetmə sistemi qurulmuşdu. İngilislərin oyuncağına çevrilən Rza şah bütün siyasi rəqiblərini güllələtdirirdi. 1941-ci ilin avqustunda Böyük Britaniya və Sovet İttifaqı İranı işğal edərək əraziləri nəzarət zonalarına böldülər. Müharibədən sonra isə ingilislərin dəstəyi ilə hakimiyyətə onun oğlu Məhəmməd Rza Şah Pəhləvi gətirildi. O da repressiv idarəçilik baxımından atasından geri qalmadı. Məhəmməd Rza Şah Azərbaycan Xalq Hökumətini amansızlıqla dağıtdı. Onun sərt və zorakı siyasəti nəticəsində təxminən 12 min azərbaycanlı qətlə yetirildi”.

Z. Əlizadənin sözlərinə görə, İranın taleyində dönüş yaradan Məhəmməd Musəddiqin siyasi xətti şah rejiminin və xarici müdaxilələrin təsiri nəticəsində iflasa uğradı:
“Daha sonra xalqın geniş dəstəyi ilə hakimiyyətə Məhəmməd Musəddiq gəldi. O, Britaniyanın nəzarətində olan İran neft sənayesini dövlətin nəzarətinə keçirdi. Bu addım İranın xarici güclərin iqtisadi təsirindən azad olunması istiqamətində mühüm dönüş nöqtəsi oldu. Musəddiqin siyasəti ABŞ və Böyük Britaniyada “İran nəzarətdən çıxır” narahatlığı yaratdı. Bundan təşvişə düşən Məhəmməd Rza Şah ölkədən qaçaraq, ABŞ ilə Britaniyanın Musəddiqə qarşı çıxmasına zəmin yaratdı. Hər iki ölkənin kəşfiyyat orqanları planlı şəkildə süni qarşıdurmalar təşkil etdilər. Beləliklə, demokratik yolla formalaşmış hökumət, xarici müdaxilə nəticəsində devrildi. Məhəmməd Rza Şah isə yenidən hakimiyyətə qaytarıldı. Onun hakimiyyət illəri İran tarixində korrupsiya, avtoritar idarəçilik və ABŞ-nin ölkə üzərində nüfuzunun artdığı dövr kimi yadda qalır. 1979-cu ildə isə baş verən inqilab şah rejiminin süqutuna səbəb oldu. Hazırda özünü “şah” kimi təqdim edən Rza Pəhləvi də atası və babası kimi İran cəmiyyətinin real problemlərinə biganə qalır”.

Politoloq həmçinin Rza Pəhləvinin İranda iki həftə davam edən etirazlarda güddüyü əsl məqsədi açıqlayıb:
“Rza Pəhləvi etirazlar zamanı dövlət televiziyasına xaker hücumları təşkil edərək, “Mən sizə azadlıq gətirəcəyəm” şüarı ilə xalqı ayağa qaldırmağa çalışırdı. Lakin heç kəs onun çağırışlarına əhəmiyyət vermirdi. Çünki hamı bilir ki, o, İsrail və ABŞ-nin “oyuncağı”dır. Rzanın taxta sahib olmaqdan başqa məqsədi yoxdur. İranda iki həftə davam edən proseslərin arxasında da məhz xarici qüvvələr dayanır. ABŞ və İsrailin kəşfiyyat xidmətinin əməkdaşları etirazçıların içərisinə sızıb, qətliamlar törətdilər. Yalnız Xamneinin çağırışından sonra hökumət tərəfdarları mitinqlərə çıxdı. Əgər İran cəmiyyəti rəhbərə nifrət etsəydi, onun çağırışı ilə mitinqlərə çıxmazdı. Tarix boyu ABŞ və Qərb ölkələri İrana təzyiqlər göstəriblər. Xüsusilə Qərb İrandan İsrailin Fələstin torpaqlarını işğalına göz yummasını tələb edir. Ümumiyyətlə Qərb bloku müsəlman xalqların hüquqlarını tanımaq istəmir. Ermənistanın Qarabağımızı işğal etdiyi 27 il ərzində onlar haylara açıq şəkildə dəstək verdilər, bizdən isə bu ədalətsizliklə barışmağımız tələb olundu”.
Aybəniz Səfərova