Zərərçəkənlərin cəmiyyətə dönüşü: NECƏ APARILMALI?

02.03.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda insan alverinə və məişət zorakılığına məruz qalan şəxslərə dəstək məqsədilə müxtəlif mexanizmlər mövcuddur.

Bu istiqamətdə əsas rolu isə reabilitasiya mərkəzləri oynayır. Həmin mərkəzlərdə zərərçəkənlərin müalicəsi aparılır, psixoloji vəziyyətinin bərpası və sonradan cəmiyyətə reinteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, insan alveri qurbanları və məişət zorakılığına məruz qalan şəxslər üçün ölkədə yardım və reabilitasiya mərkəzləri fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu mərkəzlərdə əsas diqqət zərərçəkənlərin sosial və psixoloji durumunun bərpasına, onların sosial problemlərinin həllinə və cəmiyyətə inteqrasiyasına yönəlib:

“Azərbaycanda fəaliyyət göstərən sosial yardım və reabilitasiya mərkəzlərinin sayı kifayət deyil. Digər ölkələrlə müqayisə etdikdə görürük ki, orada belə mərkəzlərin sayı daha çoxdur və ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir. 

Məişət zorakılığına məruz qalan və ya insan alverinin qurbanı olan şəxslər ilk növbədə məhz reabilitasiya mərkəzlərinə müraciət etməlidirlər. Burada onların vəziyyəti qiymətləndirilir, ehtiyac olarsa, əlavə müdafiə tədbirləri görülür”.

Zenfira Mustafayeva, həmçinin xatırladıb ki, əvvəllər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bölgələrdə 11 Qadın Resurs Mərkəzi yaradılmışdı. Lakin beynəlxalq maliyyə dəstəyi dayandırıldıqdan sonra həmin mərkəzlərin fəaliyyəti məhdudlaşıb:

“Reabilitasiya və sosial yardım mərkəzlərinin sayının artırılması, regionlarda fəaliyyətinin genişləndirilməsi zərərçəkən şəxslərin daha effektiv müdafiəsinə imkan verə bilər”.

Zenfira Mustafayeva qeyd edib ki, bu sahədə görülən işlərin davam etdirilməsi gələcəkdə qadınlara və digər həssas qruplara qarşı zorakılıq hallarının azalmasına müsbət təsir göstərəcək.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью