Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
"Şəxsi travmaların özünü göstərdiyi bəzi vəziyyətlər var və bu, ən çox münasibətlərdə üzə çıxır. Zərərli münasibətlərdən qopmaqda çətinlik çəkən insanlarda adətən toksik bağlılıq formalaşır. Travmatik təcrübələrin beynimizdə yaratdığı şemalar, yəni davranış proqramları, insanın bu proqramları kəşf etməsi və onlardan azad olması üçün müəyyən şərait yaradır. Məhz bu proses dəyərli və qalıcı dəyişikliklərin əsasını qoyur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.
Onun sözlərinə görə, toksik münasibətlərdə çətinlik yaşayan insanlarda müəyyən düşüncə və davranış nümunələri müşahidə olunur: "Bunlardan birincisi başqalarını məmnun etməyə həddindən artıq çalışmaqdır. Məsələn, insan çox yorğun olsa da, qarşı tərəf inciməsin deyə onun hər hansı bir təklifinə razılaşmaq məcburiyyətində qalır. Halbuki real və sağlam düşüncə ondan ibarətdir ki, biz kimisə daim məmnun etmək məcburiyyətində deyilik və “yox” deyə bilmək bacarığını öyrənməliyik.
Digər bir xüsusiyyət başqalarını həddindən artıq dəyərləndirmə ehtiyacı və onlardan asılı vəziyyətdə olmaqdır. Bu halda insan özünü belə inandırır ki, qarşısındakı əslində yaxşı biridir, sadəcə düzəldilməyə ehtiyacı var. “O, toksikdir, amma mən onu dəyişə bilərəm, düzəldə bilərəm” düşüncəsi formalaşır. Halbuki başqasını dəyişdirməyə çalışmaq bizim vəzifəmiz deyil. İnsan özünə mərkəzlənərək yaşamalıdır.
Bu tip insanlarda davamlı şəkildə özündən nələrsə qurban vermək davranışı da müşahidə olunur. Yorğun, halsız, hətta ağrıları olsa belə, qarşısındakı insanın sevgisini itirməmək üçün çabalamağa davam edirlər. Halbuki insan ilk növbədə öz sağlamlığını və xoşbəxtliyini ön planda tutmalıdır. Daim başqalarını öz istəklərimizdən və prioritetlərimizdən üstün tutmaq insanı zamanla daha da yorur.
Başqasına həddindən artıq bağlılıq çox vaxt beyin və ürək arasındakı ziddiyyətlə özünü göstərir. Beyin insana “buraxma, getmə, yoxsa belə olacaq, elə olacaq” deyə mesajlar verir, amma ürək artıq getməyin lazım olduğunu hiss edir. Bu daxili ziddiyyət toksik bağlılığın ən əsas göstəricilərindən biridir. “Bu olmadan yaşaya bilmərəm” düşüncəsi məhz ürək və beyin arasındakı qarşıdurmanı açıq şəkildə ortaya qoyur. İnsan bu mərhələdə anlayır ki, özünə verdiyi dəyər və xoşbəxtlik başqasından asılı deyil. Öyrənir ki, insan tək başına da dəyərlidir.
Lakin çox vaxt bizə zərər verən davranışları davamlı şəkildə tolerantlıqla qarşılayırıq. Qarşımızdakına haqq qazandırmağa çalışırıq: “Onun kefı yox idi, ona görə belə dedi”, “Bəlkə də başqa birinə aşiq idi, ona görə mənə soyuq davrandı” kimi izahlarla qarşı tərəfin davranışlarını normallaşdırırıq. Əslində isə zərərverici davranışları normallaşdırmaq psixoloji pozuntunun bir hissəsidir. Belə hallarda doğru və sağlam yanaşma problemi düzgün şəkildə ifadə etmək, uyğun bir üsul tapmaq və həmin davranışı aradan qaldırmaqdır. Bu insanlarla işləyərkən ilk növbədə bəzi psixoloji mexanizmləri gözdən keçirmək lazımdır. Bu mexanizmlərin ən bariz formalarından biri travmatik bağlanmadır.
Travmatik bağlanma belə izah edilə bilər: insan bizə davamlı şəkildə pis davranır, məsələn, üç gün bizi incidir, amma dördüncü gün çox kiçik bir sevgi göstəricisi nümayiş etdirir. Beyin bu davranışı dopamin ifrazı ilə, yəni “xoşbəxtlik” kimi qəbul edir. Orqanizmdə adrenalin və həyəcan effekti yaranır və bu da insana müvəqqəti rahatlıq hissi verir. Nəticədə insan qarşısındakının onu sevdiyini zənn edir. Əslində isə bu, pis davranışdan sonra gələn kiçik mərhəmət jestidir.
Bu şemaların və mexanizmlərin içində başqa bir əsas səbəb də tək qalmaq qorxusudur - sevilməmək və tənha qalmaq qorxusu. İnsan uşaq yaşlarından beyninə “təhlükəsiz” görünən davranış modellərini yazır. Məsələn, uşaqlıqda valideynlərin müəyyən həyat tərzi uşağa normal gəlirsə, sonradan da onu adi qəbul edir. Amma sevdiyi və bağlı olduğu bir müəllimdən ayrılıb başqa müəllimə keçəndə yaranan boşluq hissi artıq kimlik itkisi kimi yaşanır.
Bu mərhələdə insan həm tək qalmaq qorxusu, həm də özünü günahlandırma mexanizmi ilə üzləşir. Özünü günahlandırma adətən uşaqlıqdan formalaşır: “Mən bunu etməsəydim, o əsəbləşməzdi”, “Mən bunu deməsəydim, mənə belə davranmazdı”. Vicdan mexanizmi tək qalmaq qorxusu ilə birləşir və insan özünə sual verir: “O gedərsə, mən nə edəcəyəm?”, “Mən kimlə dərdimi bölüşəcəyəm?”, “Sabah kimə yazacağam, axşam kimə ‘xeyirli gecələr’ deyəcəyəm?”
Əslində burada qorxulan qarşı tərəfi itirmək deyil, boşluq hissi ilə üzləşməkdir. Tək qalmaq qorxusu “O olmasa, mən kiməm?” sualı ilə üzə çıxır və burada artıq dəyərsizlik sxemi formalaşır.
İnsanların düşüncəsində belə bir ümumiləşmiş inanc da olur: “Zərərli münasibət olsa belə, bu münasibətdə qalmalıyam, çünki bu qədər əziyyət çəkmişəm”. İnsan keçmişə qoyduğu investisiyanı itirmək istəmir - verdiyi zaman, çəkdiyi əzab, aldığı hədiyyələr, çətin günlərdə göstərdiyi sədaqət. Bu isə gələcəklə deyil, keçmişlə bağlı problemdir. Keçmişdəki yatırımı itirməmək qorxusu insanı zərərli münasibətə bağlı saxlayır. Bu mexanizmlərin kökü çox vaxt uşaqlıqda və emosional çatışmazlıqlarda formalaşır. İnsan şüuraltı olaraq belə bir inanc inkişaf etdirir: “Sevilmək üçün əziyyət çəkməliyəm”".