Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu bitkiyə çəkilən zəhmət öz bəhrəsini verir
Azərbaycan iqtisadiyyatının aqrar sektorunda ən unikal və perspektivli sahələrindən biri də zeytunçuluqdur. Son illər respublikamızda zeytunçuluğun inkişafı prioritet sahələrdən birinə çevrilib. Hazırda zeytunu Abşeronun hər güşəsində görmək mümkündür və yarımadanın təbii iqlim şəraiti, coğrafi mövqeyi və münbit torpağı inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Məhz buna görə də zeytunçuluq təsərrüfatı səmərəliliyinə görə ilk olaraq məhz Abşeronda salınmış və getdikcə bu ərazi daha da genişləndirilmişdir. Bakının Bilgəh, Maştağa, Buzovna yaşayış massivlərində və buraya yaxın ərazilərdə zeytun bağları daha da böyüdülmüşdür. Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, ondan hazırlanan yağ, turşu, çoxçeşidli konservlər də keyfiyyəti ilə seçilir, əhali tərəfindən yüksək qarşılanır. Zeytun uzunömürlülüyü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından fərqlənir, kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyindən əsasən iqlimi quraqlıq keçən bölgələrdə bitir. Hamı bu qiymətli bitkinin meyvələrinin müalicə əhəmiyyətindən məlumatlıdır və ondan geniş istifadə edir. Zeytun dünyanın subtropik ölkələrində qədimdən becərilən qiymətli bitkidir. 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu, xoş dadlı, ətirli ədviyyat kimi istifadə edilmişdir. Zeytun subtropik bitkilərdən ən çox yayılmış meyvədir. Qida bitkisi kimi zeytun hələ qədimdən İtaliyada, İspaniyada, Yunanıstanda, Misirdə və Asiyada yüksək qiymətləndirilmişdir. Ən qədim mədəni bitkilərdən biri kimi zeytunun hazırkı yayıldığı areal da çox genişdir. Zeytunun vətəni Kiçik Asiya və Yunanıstan sayılır. Buradan o bütün Aralıq dənizi sahili ölkələrinə yayılmış, sonralar Afrikaya, Amerikaya, Avstraliyaya aparılmışdır.
Ölkəmizdə zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılmışdı. 80-ci illərdə zeytun bağlarından ildə təxminən 2000 tona yaxın məhsul əldə olunurdu. Həmin dövrdə Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib.
Respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında Abşeron yarımadasında və digər regionlarda zeytun bağlarının bərpası və genişləndirilməsinin dəstəklənməsi qeyd olunub. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarının birində zeytunçuluğun inkişaf etdirilməsinin vacibliyindən danışarkən demişdir:” Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyən edilir-həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün “.
Prezident İlham Əliyev 2022-ci ilin noyabrın 4-də Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Dövlət başçısına “Abşeron Zeytun Bağları” MMC-nin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, 697 hektarda İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb. Tələbata uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Həmçinin, Abşeron Zeytun Bağları” MMC-i növbəti illərdə əkin işlərinin davam etdirməsini, Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınmasını da nəzərdə tutur.
Mütəxəssislərin fikrincə, zeytunçuluq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Aparılan uzunmüddətli araşdırmalar da bunu təsdiqləyir. Əgər bu bitki belə yüksək dəyərə və əhəmiyyətə malik olmasaydı, dünyanın bir sıra inkişaf etmiş dövlətləri zeytunçuluğun inkişafına bu qədər önəm verməz, milyonlarla hektar sahəni zeytun bağlarına ayırmazdılar. Hazırda Türkiyə, Yunanıstan, İspaniya və İtaliya zeytunçuluqdan milyardlarla dollar gəlir əldə edirlər. Ümumiyyətlə, Aralıq dənizi hövzəsində yerləşən ölkələr zeytunçuluğun inkişafına böyük önəm verir. Məlumatlara görə, İtaliyada 2,5 milyon, İspaniyada 2 milyon, Yunanıstanda və Türkiyədə isə 1,2 milyon hektar ərazidə zeytun bağları salınıb.
Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, orqanizmin qocalma prosesini əngəlləyir. Tərkibində olan linol, olein, linolen kimi doymamış yağ turşuları piylənmənin, ürək xəstəliklərinin qarşısını alır, həzm prosesinə müsbət təsir göstərir.
Bar verən zeytun bağları uzunömürlü olur. Kənd təsərrüfatının bu sahəsi çox məhsuldardır və zeytunçuluğa çəkilən zəhmət öz bəhrəsini verir. Məhz bu amillərə görə Azərbaycanda zeytunçuluğun inkişafı prioritet sahə kimi diqqət mərkəzində saxlanılır.
Müşfiq MİRZƏ
XQ