sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fikrimcə, hər iki komanda qələbəyə yaxın idi. "Kəpəz" hesabı açsa da, sonradan qol vurmağı bacardıq". Bu sözləri Sport24.az saytına açıqlamasında "Zirə"nin futbolçusu Qismət Alıyev deyib.
"Qartallar"ın kapitanı komandasının Misli Premyer Liqasının 8-ci turunda "Kəpəz"lə heç-heçə etdiyi oyunla (1:1) bağlı fikirlərini bölüşüb
"Matçın son dəqiqələrində ikinci qolu vurmaq üçün də yaxşı imkanlarımız oldu. Düşünürəm ki, ədalətli hesab qeydə alındı və hər iki komanda meydanda yaxşı mübarizə apardı. Gəncə hər zaman böyük futbol şəhəri olub. Belə bir stadionun olması onların haqqıdır. Həqiqətən də, stadiondakı atmosfer əla idi. Azarkeşlərin dəstəyi və yaratdıqları ab-hava oyuna xüsusi rəng qatırdı. Bu cür stadionların olması futbolumuzun inkişafı deməkdir. İnanıram ki, belə arenalar futbolumuza azarkeş marağının artmasına müsbət təsir göstərəcək".
Alıyev komandasının qarşıya qoyulan hədəfi barədə danışıb:
"Çempionata çox yaxşı başladıq. Hazırda 12 xalımız var. Məncə, bundan da çox xal toplaya bilərdik. Təəssüf ki, düşərgədə zədəlilərin sayı çoxdu. Son qarşılaşmalarda bunun təsirini hiss etmək mümkün idi. Zədəli futbolçularımızın tezliklə sağalmalarını və yenidən komandaya qoşulmalarını gözləyirik. İnanırıq ki, onlar da sıraya döndükdən sonra istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Artıq neçə mövsümdür komandamız yüksək pillələr uğrunda mübarizə aparır və avrokuboklarda iştirak edir. Bu il də məqsədimiz dəyişməyib. mükafatçılar arasında yer almaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, 8 turdan sonra aktivində 12 xal olan "Zirə" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.