futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Azərbaycan Kubokunda birinci yarımfinalçı məlum olacaq.
Futbolpress.az xəbər verir ki, “Zirə” azarkeşləri önündə 1/4 finalın cavab matçında “Sumqayıt”ı qəbul edəcək. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 0:0.
Turun favoriti “Zirə”dir. “Qartallar”ın son turlarda yüksəlişdə olması, “Sumqayıt”ın isə enişi meydan sahiblərini bir addım önə çıxarır.
Komandalar bu mövsüm çempionatda iki, kubokda bir dəfə üz-üzə gəlib. “Zirə” bu görüşlərdə iki qələbə qazanıb. “Qartallar” bir dəfə səfərdə, bir dəfə evdə qalibiyyət əldə edib.
“Sumqayıt” çempionatda son 4 oyunda qələbə qazana bilməyib. “Kimyaçılar” son olaraq “Kəpəz”ə məğlub olub.
“Zirə” isə son 5 matçda 3 qələbə qazanıb, 2 dəfə uduzub. Qəsəbə təmsilçisi sonuncu turda “Araz-Naxçıvan”ı məğlub etməklə avrokuboklara əsas iddiaçı olduğunu göstərdi.
“Sumqayıt” liqada 22 turdan sonra 31 xalla 7-ci sıradadır. İliçin komandası üçüncü sıradakı “Turan Tovuz”dan 10 xal geridədir. İndiki məqamda “kimyaçılar”ın liqa yolu ilə avrokuboklara vəsiqə qazanması çətin görünür. Bu minvalda “Sumqayıt”ın əsas diqqəti kuboka verəcəyi gözlənilir.