“Zirə” “Turan Tovuz”: final şansları

21.04.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Zirə” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Turan Tovuz”u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

Komandalar arasındakı ilk matçda “Zirə” qələbə qazanıb – 2:0. “Turan Tovuz” finala adlamaq üçün azı üç top fərqiylə qalib gəlməlidir.

İlk oyunda tovuzluların xeyrinə verilməyən iki penalti bir neçə gün gündəmdə qaldı. Klubun rəhbəri Ehtiram Quliyevin hakimləri sərt tənqid etməsi, azarkeşləri etiraza səsləməsi daha sonra “Turan Tovuz”un 15 min manat cərimələnməsinə səbəb oldu. Oyun ətrafında kifayət qədər gərginlik var. İlk matçdakı hakim səhvlərindən sonra iki top fərqi ilə  geridə olan tovuzlular səfərdə geridönüşə ümid edirlər.

Kurban Berdıyevin yetirmələri bu mövsüm “Zirə”yə bir dəfə qalib gəlib. Fevralda baş tutan Premyer Liqa oyunu “Turan Tovuz”un 2:0 hesablı qələbəsiylə başa çatıb. Çempionatın digər matçında isə qolsuz bərabərlik qeydə alınıb.

“Turan Tovuz” Misli Premyer Liqasının son turunda “Araz-Naxçıvan”a ikinci hissədə üç qol vurub. Ümumiyyətlə, bu mövsüm tovuzlular hücumda daha çox şans yaratsalar da, vurduqları qolların sayı azdır. Ancaq bu gün final arzulayan komanda əlinə düşən hər bir şansdan istifadə etməlidir.

Bölgə təmsilçisi “Zirə”yə sonuncu dəfə 2023-cü ildə üç qol vurub. 2022/23 mövsümünün mayında Zirədə baş tutan çempionat matçında tovuzlular 3:1 hesablı qələbə qazanıb. Bu gün eyni hesab qeydə alınarsa, oyun əlavə vaxta gedəcək.

“Zirə” isə daha rahatdır. Komandanın iki top üstünlüyü var və azarkeşləri önündə “qartallar”ın üç top fərqi ilə məğlub olması inandırıcı görünmür. “Turan Tovuz”un erkən vuracağı qol oyunun seyrini dəyişə bilər.

“Turan Tovuz” çempionatda üçüncü sırada qərarlaşıb və böyük ölçüdə ilk üçlükdə yerini təmin edib. “Zirə” isə dördüncüdür və “Neftçi” ilə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Rəşad Sadıqovun yetirmələri üçün kubok yolu daha əlverişli və prestijlidir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью