“Zirə”nin “ağ qara” rəqibi

30.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” iyulun 8-də Konfrans Liqasında ilk oyuna çıxacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Gürcüstanın “Torpedo” komandasını qəbul edəcək. Cavab görüşü isə iyulun 16-da Kutaisidə olacaq.

Gürcüstanın köklü klublarından hesab olunan “Torpedo”nun əsası 1946-cı ildə qoyulub. Komanda Kutaisi şəhərini təmsil edir. Tarixində 4 dəfə ölkə çempionu olan şəhərlilər son illərdə enişdədir. “Ağ-qaralar” sonuncu dəfə 2018-ci ildə Gürcüstan liqasının qalibi olub. Həmin il kuboku da qazanan “Torpedo” “qızıl dubl” edib.

Kutaisi təmsilçisi ev oyunlarını 19 min nəfərlik tutumu olan “Ramaz Shengelia Stadium”da keçirir. Arenanın adı gürcüstanlı əfsanəvi futbolçu Ramaz Şengeliyanın adını daşıyır. Keçmiş oyunçu “Torpedo”da 79 oyunda 20 qol vurub və daha sonra ölkə futbolunun əfsanələrindən birinə çevrilib.

“Torpedo” son illərdə titul qazana bilməsə də, avrokuboklara mütəmadi vəsiqə əldə edir. Komanda ardıcıl üç mövsüm Konfrans Liqasında iştirak hüququ qazanıb, ancaq II mərhələdən o tərəfə keçə bilməyib. Kutaisililər bu dəfə də mübarizəyə I təsnifatdan başlayacaq.

“Torpedo”nun indiki məqamda “Zirə”dən tək üstünlüyü oyun praktikasının olmağıdır. Gürcüstan çempionatı davam edir və Kutaisi təmsilçisi 19 turdan sonra 27 xalla 4-cü sıradadır. Komanda lider “İberiya”dan 7 xal geri qalır. Gürcülər çempionatda keçirdiyi 19 oyunda 7 qələbə qazanıb, 6 dəfə uduzub. 30 qol vuran kutaisililər 19-da buraxıb. “Torpedo” liqada ən çox qol vuran iki komandadan biridir. Digəri 31 qolla Tbilisi “Dinamo”sudur.

“Torpedo” Gürcüstan Superkubokunda isə finala yüksəlib. “Ağ-qaralar”ın rəqibi “İberiya 1999” olacaq. Matç sabah baş tutacaq.

“Torpedo”nun heyətinin dəyəri 5 milyon avrodur. Komandaya alman məşqçi Dirk Şuster rəhbərlik edir. O, 2025-ci ilin fevralından Kutaisi təmsilçisini çalışdırır. Şuster karyerası ərzində Almaniyada “Darmştadt”, “Kayzerslautern” kimi klublarda da işləyib.

Komandaların müqayisəsinə nəzər salsaq, “Zirə” bir addım öndə görünür. “Qartallar”ın keyfiyyəti və avrokubok təcrübəsi onlara təmsilçimizə üstünlük qazandıran amillərdəndir. Yay transfer dönəmində bir neçə futbolçusu ilə yollarını ayıran “Zirə” həmin mövqelər üçün artıq yeni oyunçular da cəlb edib. Ancaq indiki məqamda əsas narahatlıq doğuran məqam transferlərin komandaya adaptasiya məsələsidir.

“Zirə”nin yay “bazarlığı”:

Gələnlər: Amin Seydiyev (“Sabah”), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov (“Turan Tovuz”)

Gedənlər: Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis.

Hazırlıqlara ayın əvvəlindən start verən “Zirə” artıq iki sınaq matçında gücünü sınayıb. Əvvəlcə Bakıda “Qarabağ”la qarşılaşan “qartallar” 3:4 hesabıyla uduzub. Ötən həftədən Boluda toplanış keçən Sadıqovun komandası burda isə Özbəkistanın “Navbahor” kollektivinə məğlub olub – 1:3.

Yoxlama matçlarında nəticə önəmli deyil və bu hesablar komandanın hansı durumda olduğunu göstərmir. Hər bir halda, mövsümün ilk oyunları həmişə çətin keçir. “Torpedo” meydanda daha “diri” ola bilər, lakin “Zirə”nin keyfiyyəti mərhələ adlamaq üçün yetərlidir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью