Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tur Trabzonda start götürdü. Yetərincə yaxşı mövsüm keçirən “Trabzonspor” növbəti qələbəsini qazandı. Bu qış həyata keçirdiyi transferlərlə diqqəti çəkən “Kasımpaşa” Əmrə Belözoğlunun rəhbərliyi altında 5-ci superliqa matçında ilk qolunu vursa da, bu qol xal qazanmaq üçün kifayət etmədi. Ukraynalı vinger Zubkov qaradənizlilərə 3 xal qazandırdı. “Trabzonspor”un bu mövsüm hələ də evdə məğlubiyyəti yoxdu.
Şənbə gününün oyunları meydan sahibləri üçün uğursuz keçdi. Kayseridə 3 cavabsız qolla qalib gələn “İstanbul BŞ” yüksəlişini davam etdirdi. Son 6 turda 18 mümkün xaldan 16-nı qazanan Nuri Şahinin komandası 6-cı pilləyə yüksəldi. Qaradəniz derbisində “Kocaelispor”un müqavimətini qıra bilməyən “Samsunspor”un superliqada qələbəsiz seriyası 7 oyuna çatdı. Ötən tur büdrəməklə “Fənərbaxça”ya xal fərqini minimuma endirməyə imkan verən “Qalatasaray” tura sonuncu pillədə daxil olan “Fatih Karagümrük”ün qonağı oldu. “Atatürk Olimpiya”da keçirilən matçda Sara artıq 31-ci saniyədə fərqlənməklə “Qalatasaray”ın Türkiyə çempionatı tarixində ən erkən 4-cü qolunu vurdu! Amma autsayder pərən-pərən düşmədi. Əksinə, özündə güc taparaq fasiləyə qədər hesabı bərabərləşdirdi. Özü də 20 yaş 147 günlüyündə fərqlənən Barış Kalaycı bu mövsüm superliqada qol vuran ən gənc yerli futbolçu oldu! Amma sensasiya gözləyənlərin ümidləri doğrulmadı. Son çempion 2-ci hissənin əvvəllərində ardıcıl iki qol vurmaqla intriqanı öldürdü. Sara qələbə qolunun da müəllifi oldusa, yekun nəticəni Osimhen müəyyənləşdirdi. Özü də nigeriyalı forvard Türkiyə karyerasında 59-cu rəsmi oyunda yubiley - 50-ci qolunu vurdu. “Cim-Bom” 558 dəqiq ötürmə verərək Okan Burukun dönəmində superliqada səfər matçları üçün şəxsi rekordunu yenilədi və həftəni mühüm 3 xalla tamamladı.
Bazar günü keçirilən 4 qarşılaşmanın üçündə 1:1-lik bərabərlik qeydə alındı. Kramer “Konyaspor”a qayıdışını qolla qeyd etdi. Sloveniyalı futbolçu Antepdə komandasını məğlubiyyətdən xilas etdi. “Çaykur Rizəspor”la “Alanyaspor”un duelində komandaların artıq ilk yarıda azlıqda qalması diqqəti çəkdi. Yekunda qalib müəyyənləşmədi. “Gənclərbirliyi” üzərində əzmkar qələbə qazanan “Antalyaspor”, nəhayət, şeytanın qıçını qırdı. Antalya təmsilçisi son qələbəsini noyabrın əvvəllərində - 11-ci turda “Eyüpspor”la səfər oyununda əldə etmişdi. Turun əsas sürprizi Kadıköydə qeydə alındı.
Xal fərqinin artmaması üçün qalib gəlməkdən başqa çarəsi olmayan “Fənərbaxça” evdə “Göztəpə”nin öhdəsindən gələ bilmədi. İlk yarıda vurulan qarşılıqlı qollarla tərəflər hərəyə 1 xal qazandı. “Fənərbaxça” 81,5 faiz topa sahib olaraq Türkiyə çempionatında son 10 ilin rekordunu qırdığı matçda 1 xalla kifayətlənməli oldu. “Göztəpə” ilk dövrədə də güclü rəqibdən xal almağı bacarmışdı (0:0). “Sarı-qırmızılar” 2002/03-dən bəri ilk dəfə bir mövsümün hər iki oyununda “Fənər”dən xal aldı. Ümumiyyətlə, İzmir klubunun bu mövsüm İstanbul təmsilçilərinə qarşı keçirdiyi 8 matçın yalnız 1-də uduzması (4 qələbə, 3 heç-heçə) və bu oyunlarda 15 xal qazanması maraqlı məqamdı. Yeganə məğlubiyyət səfərdə “Qalatasaray”la oyunda qeydə alınıb (1:3). Beləliklə, “Fənər”in 19-cu həftəni də məğlubiyyətsiz tamamlamasına baxmayaraq, xal fərqi yenidən 3-ə yüksəldi.
19-cu tur
Fatih Karagümrük – Qalatasaray 1:3
Barış Kalaycı, 27 – Sara, 1; 51. Osimhen, 55.
Qalatasaray: Uğurcan Çakır, Şallai (İkardi, 70), Sançes, Əbdülkərim Bardakcı, Yakobs (Kazımcan Karataş, 64), İlkay Gündoğan, Torreyra (Lemina, 46), Yunus Akgün (Ərən Elmalı, 64), Sara, Barış Alpər Yılmaz, Osimhen (Kaan Ayhan, 79).
Fənərbaxça – Göztəpə 1:1
Nene, 17 – Janderson, 24.
Fənərbaxça: Ederson, Semedo, Şkrinyar, Oostervolde, Yiğit Efe Dəmir (Mərt Müldür, 46), Genduzi, İsmayıl Yüksək (Fred, 38), Nene (Duran, 57), Asensio, Musaba (Kərəm Aktürkoğlu, 81), Talişka.
Trabzonspor – Kasımpaşa 2:1
Onuaçu, 51. Zubkov, 84 – Diabate, 61.
Trabzonspor: Onana, Pina, Nvaivu, Bataqov, Lövik, Ulai, Jabol-Folkarelli, Zubkov (Okay Yokuşlu, 89), Muçi (Ozan Tufan, 90+3), Olaiqbe (Onuaçu, 46), Auqusto (Nvakaeme, 78).
Samsunspor – Kocaelispor 0:0
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Şatka, Van Drongelen, Sonər Gönül, Makumbu, Cəlil Yüksəl (Nçam, 46), Elayis Tavşan (Mendes, 68), Yalçın Kayan, Assunu (Tahsin Bülbül, 74), Muandilmaci (Ndiaye, 68).
Kayserispor – İstanbul BŞ 0:3
Zelke, 35. Ramazan Civelek, 67-öz qapısına. Da Kosta, 86.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər (Onur Bulut, 46), Opoku, Duarte, Operi, Kemen, Umut Günəş (Onur Ərgün, 81), Fayzullayev (Bertuğ Yıldırım, 81), Şomurodov, Arit (Brniç, 88), Zelke (Da Kosta, 69).
Eyüpspor – Beşiktaş 2:2
Bozok, 57. Əmrə Akbaba, 65-p. – Orkun Kökçü, 6. Cengiz Ündər, 76.
Qaziantep – Konyaspor 1:1
Soresku, 45+3 – Kramer, 88.
Çaykur Rizəspor – Alanyaspor 1:1
Mihayla, 80 – Munye, 89.
Antalyaspor – Gənclərbirliyi 2:1
Şariç, 26. Van de Streek, 63 – Koyta, 13.
1. Qalatasaray 19 14 4 1 43-14 46
2. Fənərbaxça 19 12 7 0 43-17 43
3. Trabzonspor 19 12 5 2 37-22 41
4. Göztəpə 19 10 6 3 25-11 36
5. Beşiktaş 19 9 6 4 33-24 33
6. İstanbul BŞ 19 8 5 6 32-19 29
7. Samsunspor 19 6 9 4 23-21 27
8. Qaziantep 19 6 7 6 26-32 25
9. Kocaelispor 19 6 6 7 16-19 24
10. Alanyaspor 19 4 10 5 19-19 22
11. Gənclərbirliyi 19 5 4 10 23-27 19
12. Çaykur Rizəspor 19 4 7 8 22-28 19
13. Konyaspor 19 4 7 8 23-31 19
14. Antalyaspor 19 5 4 10 18-32 19
15. Kasımpaşa 19 3 7 9 15-26 16
16. Eyüpspor 19 3 6 10 13-27 15
17. Kayserispor 19 2 9 8 16-37 15
18. Fatih Karagümrük 19 2 3 14 16-37 9
Bombardirlər: Şomurodov (İstanbul BŞ) – 13, Onuaçu (Trabzonspor) – 12, Talişka (Fənərbaxça) – 11, İkardi (Qalatasaray), Auqusto (Trabzonspor) – 9.
Turun rəqəmi
50 – Türkiyə futbolunda önəmli göstəricilərə və rekordlara malik olan Okan Buruk “Qalatasaray” sayəsində daha bir rekordun sahibi oldu. Təcrübəli mütəxəssis İstanbul nəhənginin başında ölkə çempionatında 64-cü səfər oyununda yubiley - 50-ci qələbəsini qazandı. O bununla da turnirin tarixində bir klubun başında səfərdə 50 qələbə həddinə ən tez çatan baş məşqçiyə çevrildi! Əvvəlki rekord “Qalatasaray”ın başında bu göstəriciyə 80-ci oyunda nail olan Fatih Terimə məxsus idi. Sonrakı pillələrdə Qordon Miln (“Beşiktaş”, 95) və Şenol Günəş (“Trabzonspor”, 100) qərarlaşıb.
Turun ulduzu
Qabriel Sara (Qalatasaray) – bu mövsümü ötənilki qədər inamlı keçirməyən və tez-tez ehtiyatda qalan braziliyalı ulduz qolları ilə enişdə olan komandasına mühüm qələbə qazandırdı. Sara əvvəlcə 31-ci saniyədə fərqlənməklə mövsümün ən erkən qolunu vurdu. “Sambaçı” 52-ci dəqiqədə yenidən səhnəyə çıxdı. Bu dəfə o, Türkiyə karyerasında ilk dəfə başla qol vurdu və ilk dəfə dubl etdi. Bu mövsüm 28 rəsmi oyunda onun hesabında 4 qol və 2 məhsuldar ötürmə var.
Turun sitatı
Fatih Terim, “Qalatasaray”ın sabiq baş məşqçisi (Əli Koçun Okan Buruku təhdid etməsi barədə):
“Bu, tez-tez baş verən hadisə deyil. Kaş mən işlədiyim dönəmə təsadüf edəydi. Mənə də vaxtilə bunu etmişdilər. Gəlib mənimlə öpüşüb-görüşdülər, əl sıxışdılar, sonra da ”küçə qoçusu” dedilər. Okan Burukun ötən mövsüm Mourinyo ilə mübahisəsi düşəndə özünü yerə atmamalıydı. Mourinyoya şapalaq vurub cavabını verməliydi”.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“İnşallah, bir daha bu stadionda oyun keçirmərik. “Atatürk Olimpiya” ilə bağlı sanki kabusumuz var. Burda hələ indiyə qədər bir yaxşı oyun keçirdiyimizi xatırlamıram. Bu arenada sanki psixoloji cəhətdən oyuna yaxşı hazırlaşa bilmirik. Səbəbini bilmirəm. Meydana çıxandan sonra sanki oyunçuların enerjiləri tükənir. Düzdü, üç gün öncə yüksək templi bir qarşılaşma keçirdik. Ancaq yorğunluq ilk yarıdan özünü göstərməməliydi. Bəzi anlarda çox geriyə çəkilirdik. İkinci hissədə özümüzə gəldik. İki erkən qol vuraraq hesabı 3:1 etdik. Sonra da yorğun oyunçularımızı əvəzlədik. Mühüm qələbə qazandıq və ən yaxın rəqibimizdən yenə də öndəyik. Fanatlar həmişəki kimi mənə gözəl dəstək verdilər. Onlara təşəkkür edirəm. Transferləri tamamlayandan sonra bu mövsümkü hədəflərimizə şığıyacağıq. Ardıcıl 4-cü çempionluğu qazanmaq və avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Fanatların dəstəyinə ehtiyacımız var. Bəzilərinə qarşı dik duruşumuzu qorumalı və birlikdə hərəkət etməliyik. Mançesterdə artıq bir qələbəmiz var. Yaxın keçmişdə orda “Yunayted”i məğlub etmişdik. Bu dəfə niyə də eyni uğuru “Siti”yə qarşı əldə etməyək?”
Domeniko Tedesko, “Fənərbaxça”nın baş məşqçisi:
“Həm ötən tur, həm də bu matçda rəqiblərimizin “çərçivə”yə ilk zərbəsi qolla nəticələndi. Rəqibin də haqqını verməliyik. “Göztəpə” yaxşı təşkilatlanmış komandadı. Bu gün çox qol imkanımız oldu. Oyunun çox böyük hissəsində üstünlük bizim tərəfimizdə oldu. İkinci hissədə bir qədər eniş yaşadıq. Tempimiz düşdü. Həlledici məqamlarda, ötürmələrdə gecikməyə başladıq. Ancaq futbolda belə şeylər olur. Bu nəticəni qəbul edib önümüzə baxmalıyıq. Mövsüm uzundu. Ardıcıl çətin oyunlar keçiririk. “Alanyaspor” da, “Aston Villa” da, “Göztəpə” də yaxşı rəqiblərdi. Qısa müddətdə 3 çətin matça çıxdıq. Pis durumda deyilik. Bu gün üçün 2 xal itirsək də, qələbəyə yaxın olan tərəf biz idik. Yiğit Efe Dəmiri fiziki göstəricilərinə görə start heyətində oynatdıq. Rəqibin uzun ötürmələrinin qarşısını kəsməsi üçün. İlk qayda pozuntusundaca sarı vərəqə aldı. Belə hallarda müdafiəçi üçün oynamaq asan olmur. Qol buraxdığımız epizodda səhvə yol versə də, ümumilikdə yaxşı oynadı. Burda günahkar varsa, Yiğit Efe deyil, mənəm. Ən-Nəsiri niyə oynamadı? Sizin suallarınıza təəccüblənməmək mümkün deyil. Az qala bütün hücum oyunçularımız meydanda idi. Siz isə Ən-Nəsirini soruşursuz. 6 həftə öncə də Mərt Müldürün “Fənər” səviyyəsində olmadığını demişdiz. Amma bu gün onun nə üçün əsas heyətdə olmadığını soruşursuz. Sadəcə, səhvlərimizdən nəticə çıxarmalı, fiziki cəhətdən toparlanmalı və digər oyunlara köklənməliyik”.
Stonimir Stoilov, “Göztəpə”nin baş məşqçisi:
“Fənərbaxça” həmişə güclü rəqibdi. Belə rəqiblərə qarşı oyunda ilk növbədə səhvə yol verməməli və fürsətləri dəyərləndirməlisən. İkinci növbədə də futbol şansı sizin tərəfinizdə olmalıdı. Belə oyunlarda qol vurmadınsa, xal qazanmaq ehtimalın çox azalır. Biz bu gün start “11-liy”i düzəltməkdə belə çətinlik çəkirdik. 2 cəzalı, 4 xəstə oyunçumuz var idi. Amma komandada güclü rəqabət olduğundan hər kəs meydanda var gücü ilə oynayır. Mükəmməl bir taktiki intizam ortaya qoyduq. Başqa qol epizodlarımız da oldu. Belə çətin atmosferdə, güclü oyunçuları və güclü məşqçisi olan bir rəqibə qarşı 1 xal qazandıq. Oyunumuzdan və nəticədən məmnunam. Futbol belə atmosferdəki matçlarla daha gözəl olur. Hər klubun öz strategiyası, transfer siyasəti və büdcəsi var. Büdcəmiz daxilində əlimizdən gələni etməyə çalışırıq. “Fənər”in büdcəsi və siyasəti haqda isə danışmaq isətmirəm. Bu, onların öz işidi. Büdcə fərqi olsa belə, düzgün təşkilatlanmaq və strategiya, yaxşı çalışmaq, məşqlər, intizam kimi məqamların sayəsində istənilən rəqibdən xal almaq mümkündü”.