Zirvələrdə boylanan əzəmət: Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur ŞƏRH

24.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın zəngin coğrafiyasında özünəməxsus əzəməti, vüqarı və sarsılmaz ruhu ilə seçilən diyarların başında Kəlbəcər dayanır. Kiçik Qafqaz dağlarının qoynunda qərar tutan, buludlarla qonşu olan bu qədim yurd yeri təkcə təbii gözəllikləri ilə deyil, həm də strateji mövqeyi və tarixi irsi ilə xalqımızın yaddaşında silinməz izlər qoymuşdur. Dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə yerləşən Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Murovdağ, Şahdağ, Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələri və Qarabağ vulkanik yaylasının bir hissəsi ilə əhatələnən bu ərazi sanki təbiətin öz əli ilə ucaltdığı alınmaz bir qaladır. Rayonun ən uca zirvəsi olan Gamışdağ 3724 metr, Dəlidağ isə 3616 metr hündürlüyə yüksələrək bu torpağın nə qədər əzəmətli olduğunu bütün dünyaya nümayiş etdirir.
Kəlbəcərin təbiəti özündə dörd fəslin ən nadir çalarlarını birləşdirən canlı bir sənət əsəridir. Sıx meşələri, alp və subalp çəmənlikləri, buz kimi bulaqları, gur sulu Tərtər və Tutqun çayları bu diyara əvəzsiz bir həyat nəfəsi verir. Dünya şöhrətli İstisu mineral bulaqları isə Kəlbəcərin təbii sərvətləri içərisində xüsusi yer tutur. Müalicəvi əhəmiyyətinə və kimyəvi tərkibinə görə məşhur Karlovı Varı sularından belə üstün hesab olunan İstisu həm sağlamlıq mənbəyi, həm də regionun turizm potensialının əsas dayağıdır. Bundan əlavə, qızıl, civə, perlit, mərmər və digər qiymətli faydalı qazıntı yataqları ilə zəngin olan Kəlbəcər torpağı yeraltı və yerüstü sərvətlərinin bolluğuna görə ölkəmizin iqtisadi xəritəsində mühüm yer tutur.
Bu uca dağların qoynunda formalaşan mədəniyyət və tarix də Kəlbəcərin zirvələri qədər qədim və möhtəşəmdir. Tərtər çayı vadisindəki mağara düşərgələri, Qalaboynu, Lev və Uluxan qalaları, Xudavəng və Gəncəsər monastırları, eləcə də minilliklərin sınağından çıxmış qayaüstü təsvirlər bu torpağın qədim insan məskənlərindən biri olduğunu sübut edir. Kəlbəcər həm də sazın, sözün, aşıq sənətinin beşiyi kimi tanınır. Dədə Şəmşirin ölməz yaradıcılığı, el şairlərinin qoşmaları bu dağların əks-sədası ilə yoğrularaq Azərbaycan ədəbiyyatına və folkloruna nadir incilər bəxş etmişdir. Kəlbəcərli olmaq təbiətlə vəhdətdə yaşamaq, saflığı, mərdliyi və vətən sevgisini ruhunda daşımaq deməkdir.
Təəssüf ki, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər iyirmi yeddi il ərzində vandallığa, talana və ekoloji terrora məruz qaldı. Tarixi abidələrimiz dağıdıldı, meşələrimiz qırıldı, təbii sərvətlərimiz qanunsuz istismar olundu, yüz minlərlə soydaşımız öz doğma yurd-yuvasından didərgin düşdü. Lakin bu illər ərzində xalqımız bir an belə ümidini itirmədi, Kəlbəcərə qayıdış inamı hər bir azərbaycanlının ürəyində yaşadı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi sayəsində Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi baxımdan qüdrətlənərək tarixi ədaləti bərpa etməyə hazır oldu.
2020-ci ilin payızında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq qələbələr, xüsusilə Murovdağ yüksəkliklərinin azad edilməsi və Şuşanın fəthi düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycana təhvil verildi. Bu möhtəşəm hadisə həm hərbi gücümüzün, həm də diplomatik zəfərimizin təntənəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 25 Noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edən mühüm addım oldu.
Bu gün Kəlbəcərdə böyük quruculuq və dirçəliş dövrü yaşanır. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində rayonun infrastrukturu tamamilə yenidən qurulur. Sıldırım qayaları yararaq çəkilən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və Murovdağ tuneli, yeni elektrik stansiyaları, müasir yaşayış kompleksləri, məktəblər və xəstəxanalar Kəlbəcərin gələcək inkişafının möhkəm təməlini qoyur. Ağır iqlim şəraitinə və mürəkkəb relyefə baxmayaraq, bu uca dağlar diyarında aparılan tikinti-quruculuq işlərinin miqyası Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir.
25 Noyabr — Kəlbəcər Şəhəri Günü xalqımız üçün təkcə bir təqvim bayramı deyil, həm də milli qürurun, birliyin və doğma torpağa qayıdışın rəmzidir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər bu gün öz əzəli sahiblərinin nəfəsi ilə yenidən canlanır, zirvələrindən ucalan üçrəngli Bayrağımız isə bu yurdun əbədi azadlığının müjdəçisi kimi dalğalanır. Əminik ki, tezliklə Kəlbəcər öz əvvəlki şöhrətini tam bərpa edəcək, ölkəmizin ən abad, ən cəlbedici və firavan guşələrindən birinə çevriləcəkdir.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью