futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında I dövrə geridə qaldı. 11 turun real mənzərəsini ən yaxşı əks etdirən göstəricilərdən biri də qapıçıların statistikası oldu.
Çərçivəsini toxunulmaz saxlamaq baxımından I dövrənin zirvəsində Emil Balayev (“Neftçi”), Yusif İmanov (“İmişli”), Rojerio Santos (“Kəpəz”) və Stas Pokatilov (“Sabah”) qərarlaşıblar. Bu dörd qolkiper aktivinə 4 “quru” oyun yazdırıb. Onları 3 matçda qapısını toxunulmaz saxlayan Oleq Baklov (“Turan Tovuz”) və Rəvan Mirzəmmədov (“Sabah”) izləyirlər.
Ümumi qurtarış sayına gəldikdə isə cədvəlin başında Rikardo Fernandes (“Şamaxı”) dayanır. O, geridə qalan 11 turda 46 dəfə seyv edib. İkinci pillədə 37 qurtarışla Rojerio Santos (“Kəpəz”), üçüncü pillədə isə 35 seyvlə Emil Balayev (“Neftçi”) qərarlaşıb. İlk “altılığı” Səlahət Ağayev (“Qəbələ”, 31), Yusif İmanov (“İmişli”, 30) və Artur Auqusto (“Araz-Naxçıvan”, 26) tamamlayırlar.
Oyun başı seyv əmsalına görə isə lider Artur Auqustodur. “Araz-Naxçıvan”ın qapıçısı hər matçda orta hesabla 5.2 qurtarışa imza atır. Onun ardından Emil Balayev (5) və Rikardo Fernandes (4.18) gəlir.
Komanda şəklində ən çox “quru” oyun keçirənlər siyahısına isə 7 belə matçla “Sabah” başçılıq edir. “Qarabağ” və “Turan Tovuz” hərəyə 5, “Neftçi” və “Kəpəz” isə 4 dəfə rəqib hücumlarını nəticəsiz qoyublar.
Ayxan Zayıdzadə