Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yollarda zolaqların birləşdiyi və nəqliyyat axınlarının kəsişdiyi ərazilər sürücülər üçün daha təhlükəli hesab olunur. Belə məqamlarda düzgün zolağın seçilməsi mümkün toqquşmaların qarşısının alınmasında mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu cür əraziləri geologiyada materiklərin toqquşması nəticəsində yaranan Benyof zonalarına bənzədib.
“Dünyada ən güclü zəlzələlər bilirsiniz harada olur? Materiklərin toqquşma nöqtəsində. Bu zonalar elmdə Benyof zonaları adlanır. Kimsə deyəcək ki, “Aqil müəllim, geoloq olmusunuz?” Yox, tələsməyin. Yollarda da Benyof zonaları var. Yəni axınların kəsişməsi, birləşməsi zonaları”, – deyə o bildirib.
Aqil Rəhimov Gənclikdən Ayna Sultanovaya gedən yolda sürücülərin zolaq seçiminə diqqət çəkib. Ərazidə sağdan gələn nəqliyyat vasitələri hərəkət zolaqlarının birləşməsi səbəbindən düz hərəkət edən avtomobillərin zolağına daxil ola bilir.
Mütəxəssis hesab edir ki, belə məqamlarda sürücü mümkün qədər zolaqların qovuşduğu nöqtədən uzaqda qalmalıdır.
“Biz burada orta zolağı tutmuşuq və sağdan gələn zolaq elə bil bizim zolağa keçir. Bu toqquşma zonasında təhlükə çox böyükdür. Özünüz də gördüyünüz kimi, burada avtomobillərin toqquşması ehtimalı artır. Bəs biz nə edə bilərik? Biz sol zolağı götürə bilərdik. Sol zolaqda hərəkət etsəydik, zolaqların daralması və qovuşması problemindən özümüzü qorumuş olardıq”, – deyə Aqil Rəhimov vurğulayıb.
O, Fətəli Xan Xoyski küçəsində, 5 nömrəli xəstəxana və Gənclik istiqamətində də oxşar vəziyyətin olduğunu qeyd edib. Burada sağdan çıxan avtomobillərin düz istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratdığını bildirib.
Aqil Rəhimovun sözlərinə görə, bu dəfə düzgün zolağın seçilməsi riskin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.
“Fikir verin, sağdakı avtomobillər az qala sağ zolağın ortasındadırlar. Biz isə sol zolağı tutduğumuza görə bizə olan təhlükələr qat-qat azalır”, – deyə məşqçi bildirib.
Mütəxəssis sürücülərə tövsiyə edib ki, yollarda zolaqların kəsişdiyi və ya birləşdiyi “Benyof zonaları”nda xüsusilə diqqətli olsunlar və imkan daxilində belə nöqtələrdən uzaq zolaqda hərəkət etsinlər.
Əsas məqsəd digər avtomobillərin zolağa daxil olması nəticəsində yaranan toqquşma riskini minimuma endirməkdir.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://player.bax.tv/embed/227079.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler