“Zurabyançılıq” və tipik erməni xəstəliyi

30.01.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud sülhü təminatsız görənlər haqqında nekroloq əvəzi

İkinci Qarabağ müharibəsindən ötən beş il ərzində yaraların qaysaq bağlaması mümkünsüzdür. Heç Azərbaycanın ayrı-ayrı təbəqələrində də Ermənistana münasibətdə birmənalı təsəvvür yoxdur. Başqa sözlə desək, ölkəmizin ictimai rəyində bu ölkə ilə sülhün sabitliyinə dair baxışları oturuşmuş saymaq olmaz. İnamsızlıq meyilləri var və eyni meyillərin hay cəmiyyəti üçün də keçərliliyi təbii qarşılanmalıdır. Amma Ermənistan cəmiyyətində, xüsusən, ölkənin siyasi düşərgəsində pataloji xəstəlik də hökm sürməkdədir. Heç şübhəsiz, bu ilin yayına, yəni parlament seçkilərinə doğru bu xəstəliyin müxtəlif əlamətləri meydana çıxacaq.

Müqayisəli yanaşsaq, deyə bilərik ki, Azərbaycanda xalq-iqtidar vəhdəti qorunur və bu vəhdət hansı mövqedə dayanmasından asılı olmayaraq, bütövlükdə, ölkəmizin siyasi kəsiminin yanaşmasına təsirsiz ötüşmür. Xalq-iqtidar vəhdətinin oturuşmuş tezisi Ermənistanla düşmənçiliyi daimi saymamaq prinsipinə əsaslanır. Buna görə də qohumu, doğması və əzizi müharibədə, özü də iki müharibədə həlak olmuş azərbaycanlı gələcəyə nikbin baxır. Yəni, sülhün qərarlaşacağına həm inanır, həm də inanmaq istəyir. Azərbaycan toplumu Ermənistanda haqqında söz açdığımız patoloji xəstəliyin simptomlarını da yaxşı görür. O simptomlar ki, hansısa lokal millətçi qrupların revanşist xəyallarında deyil, konkret siyasi qurum təmsilçilərinin fikir və düşüncələrində əksini tapır. Belə rəy formalaşır ki, parlament seçkilərində baş nazir Nikol Paşinyan iqtidarı məğlubiyyətə uğrayıb siyasi səhnədəki mövqeyini itirsə, qığılcımları yenicə közərən sülhdən əsər-əlamət qalmayacaq.

Ermənistanda Erməni Milli Konqresi adlı siyasi təşkilat – partiya var. O partiya ki, ona ölkənin birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir. O Ter-Petrosyan ki, 1997-ci ildə məhz Azərbaycanla danışıqlar prosesinin Ermənistanın xeyrinə nəticələnməyəcəyini duydu. Levon dünya ictimaiyyətinin Qarabağı, o cümlədən digər işğal olunmuş torpaqlarımızı Ermənistan ərazisi kimi tanımayacağını bildiyindən, tutduğu postdan istefa verdi. Onun davranışı yalnız o zaman güclü mövqeyə malik Qarabağ klanının təmsilçiləri qarşısındakı acizlik deyildi.

L.Ter-Petrosyan, eyni zamanda, mütərəqqi qüvvə qismində davranmağın erməni xəstəliyi ilə tərs mütənasibliyini anlamış, istefası tipik xəstəliyə - reallığın, obyektivliyin və həqiqətin dərkinə meydan oxumaq xislətinə, bir növ, can vermək məramı daşımışdı. Onun gedişindən sonrakı 20 ildən artıq bir müddətdə bu xəstəlik, obrazlı desək, süni nəfəs aparatına qoşulu qalmışdı. Nəinki qalmış, habelə, özündə müəyyən həyat əlamətlərini daşımışdı. O əlamətləri ki, qeyri-konstruktivliyi əsas götürürdü. Belə yanaşma nəticəsində Qarabağ danışıqları da inkarçılıq mahiyyəti üzərində qurulurdu. Ermənistan hakimiyyəti ən müxtəlif bəhanələrlə vaxtı uzadır və danışıqlar prosesini pozurdu. Ancaq bıçağın sümüyə dirəndiyi aydın görünürdü.

Diqqət yetirək, hazırda Ermənistanın siyasi həyatında belə bir fikir var ki, ölkənin üçüncü prezidenti, yəni Qarabağ klanının Robert Koçaryandan sonrakı təmsilçisi Serj Sarkisyan tutduğu iqtidar kürsüsünü Paşinyana məhz Qarabağ danışıqlarının ölkəsi üçün heç bir fayda verməyəcəyini anladığı üçün təhvil vermişdi. Doğrudur, Paşinyan administrasiyasının nümayəndələri sırf bu məqamı qabartmırlar. Onlar sadəcə bildirirlər ki, müharibə məğlubiyyətinə görə əvvəlki Sarkisyan iqtidarı günahkardır, çünki bütün sahələr kimi, ordunu da yararsız hala gətirmişdi.

Nəzərə alaq ki, Paşinyan və tərəfdarları çox tez-tez özlərindən əvvəlki hakimiyyətin apardığı Qarabağ danışıqlarının iflasa uğradığını, Ermənistan üçün heç bir müsbət perspektiv vəd etmədiyini də önə çəkirlər. Deməli, Sarkisyanın Nikola güzəşt versiyasının doğruluğunu vurğulamağa əsas var. Bu doğruluq isə öz növbəsində ölkənin məhz pataloji xəstəliyin simptomları ilə idarə olunduğunun göstəricisidir. Axı xəstəlik rasional düşüncəni inkar edəcək qədər iflic durum yaradır. Fikrimizin sübutu olaraq daha bir məqamın üzərində dayanaraq bildirək ki, elə həmin Erməni Milli Koqresi sədrinin müavini Levon Zurabyan Azərbaycanla sülhün müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, barış mühitinin heç bir təminatı yoxdur və hazırda yaşananlar “seçkiqabağı sülhdür”.

Görəsən, Zurabyana daha hansı təminat lazımdır? Əslində, sualımız ritorikdir. Çünki təkcə bu psixopata yox, eləcə də onunla eyni fəsilədə olan siyasilərin heç biri sülh təminatı axtarışında deyil. Axı xəstədirlər. Belələri üçün əbədi düşmənçilik anlamı var. Onlar düşmənçilikdən, sanki, həzz alırlar. İstəkləri yalnız “günah keçisi” tapmaqdır və tapıblar da. Söhbət N.Paşinyandan gedir. O Paşinyandan ki, onun da iqtidar kreslosuna əyləşər-əyləşməz xəstəliyə yoluxduğunu söyləməliyik. Amma atalar misalımızda deyildiyi kimi, ilanın qorxması üçün ulduz görməsi lazımdır. Nikol ulduz gördüyü üçün hazırda sülh yolundadır. Düşmənçilik sevdalısı zurabyanlar isə öz ulduzlarının axtarışına çıxmağı hədəfləyirlər. Yəni, belələri sülhü təminatlı təsəvvür edə bilməzlər.

Zurabyanlar düşünürlər ki, L.Ter-Petrosyan xəstəliyin ömrünü uzatmaq üçün meydanı Koçaryana vermişdi. S.Sarkisyan isə həmin xəstəliyin davamlılığı naminə (sonradan yenidən hakimiyyətə yiyələnmək müqabilində) tapdığı “günah keçisi”nə - Paşinyana güzəştə getmişdisə, indi Nikol müharibə məğlubiyyəti səbəbindən siyasi səhnədən uzaqlaşmalı, hakim kürsüdən əlini üzməlidir. Nəyə görə? Ona görə ki, xəstələr yenidən təşəbbüsə yiyələnsinlər. O xəstələr ki, xaricdən idarə olunurlar. L.Zurabyan həm də buna görə sülh üçün təminat görmədiyini açıqlayır. Axı xaricin, yəni Şimalın diktəsi ilə oturub-durur. Özü də yalnız Zurabyan yox, bütövlükdə təmsil olunduğu siyasi kəsim eyni ağıldadır.

Görünür, Ter-Petrosyan 1997-ci ildə istefa ərizəsi yazanda da yenidən hakimiyyətə gəlməyi düşünürmüş, ancaq Qarabağ klanı həyasız çıxdığından istəyinə çata bilməyibmiş. Ermənistandakı pataloji xəstəlik fonunda isə L.Zurabyanın daha bir fikri üzərində dayanaq.

Məlum olduğu kimi, Paşinyan administrasiyası 27 yanvar tarixini Vətən uğrunda həlak olanların anım günü kimi qeyd edilməsinə qərar verib. Nədən qaynaqlandığı mücərrəd qalan bu tarix ilk dəfə qeyd edilib. Məsələ barədə danışan Zurabyanın sözlərinə görə, hazırkı hakimiyyət vaxtilə özü etiraf etmişdi ki, gəncləri sonradan heç kimin onu xəyanətdə günahlandırmağa cəsarət etməməsi üçün qurban verib. “İndi isə belə çıxır ki, rəhbərlik öz siyasətinin nəticəsində həlak olmuş insanların anım tarixini müəyyənləşdirir”, – deyən Zurabyanın gətirdiyi arqumentə pis mənada heyrətlənməmək olmur. Onu da nəzərə alaq ki, partiya funksioneri bu yarıtmaz məntiqini məhz sülhün təminatsızlığı fonunda işə salır.

Sonda bir daha bildirək ki, Paşinyan da hakimiyyətə gələr-gəlməz, özünü tipik erməni xəstəliyinin daşıyıcısı kimi aparmağa başlamışdı. Əlavə edək ki, o, bu “ampluada” daha irəli getmişdi. Nikol həmin vaxtadək heç bir hay liderinin səsləndirmədiyi bəyanatlar səsləndirmiş, “Qarabağ Ermənistandır nöqtə”, – deyə bağırmışdı. Ancaq baş nazirin sonrakı fikirlərindən gəlinən qənaət belə düşünməyə əsas verir ki, onun ən pis erməniyə, pataloji xəstəlik daşıyıcısına çevrilməkdən başqa yolu qalmamışdı.

Axı tiran Sarkisyan rejimini tarixin arxivinə göndərmiş demokratiya qladiatoru deyə bilməzdi ki, Ermənistan işğalçı yol tutaraq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirib. Məhz bu anlamda Zurabyan haqlıdır. Yəni, qəhrəman Paşinyan erməni toplumunun düşüncəsinə uyğun xəyanət yolu tutmaq istəmədi və sərsəmləyərək müharibəyə rəvac verdi. Yada salaq ki, baş nazir 44 günlük müharibənin ilk günlərində savaşı dayandırmaqla bağlı parlamentdə məsləhətləşmələr aparanda da Ermənistan Milli Assambleyasındakı xəstə yığını savaşı davam etdirməkdə israrlılıq göstərdi. Beləliklə, Paşinyan ilanlara ulduzu göstərməkdə qətiyyət qazandı. Əlbəttə, buna qətiyyət demək mümkündürsə.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью