Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Siamen, 8 sentyabr, AZƏRTAC Çinin Fucien əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayıb.AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün vacib beynəlxalq platformalardan hesab olunur.
Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmiləri, 5 min şirkət, 50 mindən çox iş adamı iştirak edir.Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Bu, Azərbaycanın Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində 2-ci iştirakıdır.
Əvvəlcə Çin Dövlət Şurası sədrinin müavini (Baş nazirinin müavini) Hı Lifenin tədbirdə iştirak edən yüksək vəzifəli qonaqlarla görüşü olub.
Sərginin açılış mərasimində Hı Lifen Çin Sədri Si Cinpinin sərgi iştirakçılarına ünvanladığı məktubu oxuyub.Mərasimdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev dövlət başçıları İlham Əliyev və Si Cinpinin səyləri nəticəsində Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, cari ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalandığını, bu tarixi hadisənin Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Çinə bir neçə gün əvvəl baş tutan səfərini xatırladan Ş.Mustafayev səfər çərçivəsində Çin lideri Si Cinpin ilə keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin münasibətlərin inkişafı üçün yeni təkan verdini deyib.“Azərbaycan Cənubi Qafqaz regionunda Çinin etibarlı tərəfdaşıdır.
Bu ilin yanvar–iyul aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz çoxdur”, - deyən Baş nazirin müavini əlavə edib ki, son dövrlər investisiya tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində göstərilən ikitərəfli səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar və başqa sahələrdə birgə layihələr həyata keçirilir, yaradılmış infrastruktur Çin və Azərbaycan arasında ticarət, sərmayə əlaqələrinin daha da genişlənməsi üçün əlverişli imkanlar açır.