Azərbaycan Özbəkistan: uğurla davam edən elmi əməkdaşlıq əlaqələri
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün fəaliyyət sahələrində beynəlxalq əməkdaşlıq əlaqələrinə yenidən nəzər saldı. Uzun illərdir ki, Özbəkistanla mövcud olan dərin tarixi və mədəni bağlar, o cümlədən elmi tərəfdaşlıq münasibətləri də fərqli müstəvidə inkişaf etməyə başladı. Hazırda birgə tədqiqatlardan alınan uğurlu elmi nəticələr, həyata keçirilən əhəmiyyətli layihələr dünya elminə töhfə verməklə yanaşı, hər iki ölkənin milli maraqlarına xidmət edir.
Ötən il Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu isə davam edən elmi əlaqələri daha da genişləndirdi. Tədbir çərçivəsində müxtəlif sahələri əhatə edən təşkilatlarla, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyi, həmçinin hər iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalandı. Hazırda AMEA-nın bir sıra elmi müəssisələrinin, o cümlədən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri özbək həmkarları ilə birgə tədqiqatlar aparır, müxtəlif meqalayihələrə imza atırlar. Azərbaycan - Özbəkistan elmi əlaqələri çərçivəsində həyata keçirilən layihələrdən biri də İslam Sivilizasiya Mərkəzinin yaradılması ilə bağlıdır. Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva ilə söhbətimiz də elə bu məsələlərlə bağlıdır.
- Aygül xanım, məlum olduğu kimi, xalqlar arasında mövcud olan dostluq münasibətlərinin kökündə həm də elm, mədəniyyət və ədəbiyyat xadimlərinin yazılı irsinin öyrənilməsi dayanır. Bu sahədə Özbəkistan alimləri ilə birgə hansı əməli tədbirlərə imza atılıb?
- Əvvəla qeyd edim ki, milli-mənəvi və tarixi irs hesab olunan yazılı abidələrin öyrənilməsi, mühafizəsi və təbliği bütün dünya xalqları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu işin qarşılıqlı şəkildə həyata keçirilməsi isə xalqlar arasında münasibətləri daha da yaxınlaşdırmaqla yanaşı, yeni elmi tədqiqat mövzularını aktuallaşdırır.
Əlyazmalar İnstitutunun Özbəkistanın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri 2014-cü ildən etibarən daha da genişlənib, bu ölkənin müvafiq təşkilatları ilə imzalanan müqavilələr çərçivəsində uğurlu nəticələr əldə olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir neçə layihə icra olunub. Məsələn, Şah İsmayıl Xətainin Özbəkistanda qorunan əlyazmasının faksimilesi nəşr olunub. Bu nəşrin Ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Və həmin nəşrin hazırlanmasında da institutumuzun əməkdaşları yaxından iştirak ediblər. Digər layihə isə Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcümə edilməsidir ki, həmin nəşrin Ön sözünün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Bundan əlavə, Özbəkistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görən nəşrlərdə də Əlyazmalar İnstitutunda saxlanılan bir sıra əlyazmaların təsvirləri yer alıb.
Keçən il Bakıda keçirilən Özbəkistan Elm və Mədəniyyət Günləri çərçivəsində “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsində iştirak edən elmi-tədqiqat müəssisələrinin birgə silsilə tədbirləri keçirildi. Akademik Teymur Kərimlinin rəhbərliyi ilə Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi tədbirdə sözügedən layihənin redaksiya heyətinin sədri Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, akademik Akmal Saidovun rəhbərliyi ilə nümayəndə heyəti, Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və sözügedən layihədə iştirak edən digər görkəmli elm və mədəniyyət xadimləri də iştirak edirdilər. İnstitutumuzun qonağı olan həmkarlarımız özbək müəlliflərinə aid ərəb, fars və özbək dillərində olan 90-dan çox əlyazma ilə tanış oldular, layihə çərçivəsində çap olunan toplunun son 15 cildini kitabxanamıza hədiyyə etdilər.
- Ötən il siz həm də Özbəkistanda keçirilən beynəlxalq tədbirdə iştirak etmisiniz, həmin səfər hansı diqqətçəkən hadisələrlə yadda qaldı?
- Bəli, keçən ilin 23-26 avqust tarixlərində Səmərqənd şəhərində “Ulu əcdadların mirası - Üçüncü intibahın əsası” mövzusunda VIII beynəlxalq konqres keçirildi. Qeyd edim ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri bizim konqres günlərinə təsadüf edirdi. Çox fərqli, eyni zamanda qürurverici mənzərənin şahidi olduq. Daşkənddə demək olar ki, bütün mərkəzi küçələrdə Özbəkistan və Azərbaycan bayraqları yanaşı dalğalanırdı. Hava limanında təntənəli qarşılanmadan sonra gecəni Daşkənddə keçirdik. Ertəsi gün Səmərqəndin “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksində yerləşən Konqres Mərkəzində İslam Sivilizasiyası Mərkəzi və Özbəkistanın Mədəni İrsinin Tədqiqi, Təbliği və Nəşri üzrə Dünya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və dünyanın nüfuzlu elmi mərkəzlərinin aparıcı alimlərinin bir araya gəldiyi sözügedən konqres öz işinə başladı. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirildikdən sonra tədbir plenar və bölmə iclasları ilə davam etdi.
Tədbirdə ilk dəfə olaraq Özbəkistanın mədəni irsinə dair dünya saxlanclarında qorunan unikal əlyazmaların faksimileləri seriyasından yeni nəşrlər təqdim edildi. Eyni zamanda, qədim abidələrin virtual ekskursiyası, “Canlı tarix” multimedia platformasının yaranması konsepsiyası, muzeyşünaslığın innovativ inkişafı, yeni arxeoloji və etnoqrafik ekspedisiyalar, eləcə də süni intellektin elmə tətbiqi kimi maraqlı məsələlər müzakirə olundu. Bununla yanaşı, birgə beynəlxalq layihələrin həyata keçirilməsi üçün “Yol xəritəsi”nin təsdiqi, əməkdaşlıq memorandumlarının imzalanması, gələcək elmi tədqiqatların və layihələrin koordinasiyası üzrə Beynəlxalq ekspert şurasının yaradılması, Səmərqənd deklorasiyasının qəbul olunması da yaddaqalan mühüm hadisələrdən idi.
Məlumat üçün bildirim ki, ilk dəfə sözügedən konqresdə 2022-ci ildə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov iştirak ediblər. Həmin tədbirdə Teymur müəllim özbək müəlliflərinin əlyazmaları, onların tərcümə edilərək təbliğ olunması, aparılan tədqiqatlar və perspektivlər haqqında məruzə ilə çıxış etmiş və institutun fondunda qorunan “Qədərxan lüğəti”nin avtoqraf nüsxəsinin fotofaksimile nəşrini İslam Sivilizasiyası Mərkəzinə hədiyyə etmişdi. Məhz bu görüşdən sonra qarşı tərəf Özbəkistanın mədəni irsinə dair hazırlanan çoxcildliyin bir cildinin Azərbaycana həsr etmək arzusunda olduqlarını bildirmişdilər. Həmin nəşrdə muzeylərimizdə və institutumuzda saxlanılan materiallar öz əksini tapmalıydı. Müvafiq təşkilatla imzalanan müqavilə əsasında toplu hazırlandı. Ön sözün müəllifi Əzizağa Nəcəfov olan bu nəşrin ərsəyə gəlməsində tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanovanın rəhbərliyi ilə institutun Beynəlxalq əlaqələr şöbəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimovanın rəhbərliyi ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsi, Farsdilli əlyazmaların tədqiqi şöbəsindən Mustafa Əliyev, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsindən isə Yeganə Rəhnulla yaxından iştirak edib. Fondda olan materialların hər birinin ayrı-ayrılıqda tanıtım səhifələri, eləcə də Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyevanın hazırladığı kataloqdan nümunələr də bu nəşrdə yer alıb.
- Maraqlıdır, sizin konqresdə təqdim etdiyiniz məruzə hansı mövzunu əhatə edirdi ?
- Mən “Azərbaycanda türkologiyanın inkişafı: tədqiqat vektorları və islamlaşmanın təsiri” mövzusunda məruzə ilə çıxış etdim. Azərbaycanda İslam dininin, müsəlman aləminə məxsus mədəniyyətin və türk dillərinin, eləcə də eyni dini etiqada, oxşar dillərə məxsus türkdilli xalqların formalaşması ilə bağlı təqdim etdiyim məlumatlar böyük maraqla qarşılandı. Hələ o dövrlərdə mədrəsələrdə İslam dininə aid dərslərlə yanaşı, astronomiya, coğrafiya, cəbr və həndəsə, tibb və digər dünyəvi elmlərin tədris olunması, bundan əlavə, tədris proqramına ictimai elmlərin, fəlsəfə və məntiqin də daxil edilməsi ilə bağlı faktlar xüsusi diqqət çəkdi.
Məlum olduğu kimi, türkologiyanın istiqamətlərindən biri də türk dünyasının tarixidir. Türk dünyasının tarixi isə müəyyən vaxtdan etibarən əsasən İslam dini ilə bağlı olub. Buraya VII-X əsrlərdə İslam dininin yayılması, kütləvi qəbul olunması, türk torpaqlarında məscidlərin inşa edilməsi kimi faktları aid etmək olar. O dövrdə yaşayan Buxari, Fəxrəddin ər-Razi, Əl Fərabi, Yusuf Həmədani, Əhməd Yasəvi, Əbdülxaliq Hicuvani, Əmir Qulyal, Əl-Birunu kimi dahi alimlərin qiymətli əsərləri var. Daha sonrakı dövrlərdə yaşayıb-yaratmış Bahauddin Nəkşibəndi, Hoca Əhrar və digər İslam sivilizasiyası korifeylərinin dili ilə desək, “türk xalqları islam xeyir-duası ilə şərəfləndiriliblər”. Ümumiyyətlə, İslamın yayılmasında bir çox türk dünyası mütəfəkkirlərinin əhəmiyyətli rolu olub. Daha sonralar türkdilli xalqların yaşadığı ərazilərdə türk dilinin öyrənilməsi məsələsi də aktuallaşıb. Onu da deyim ki, Sovet imperiyası süquta uğradıqdan sonra müstəqilliyini bərpa edən ölkələrdə xüsusən də, türkdilli xalqların yaşadığı ərazilərdə türkologiyaya münasibət ciddi şəkildə dəyişdi. Müstəqillik bu sahəyə xüsusi nəfəs gətirdi, türkologiya həm siyasi-ideoloji nöqteyi-nəzərdən, həm də tədris baxımından fərqli məzmunda inkişaf etməyə başladığı üçün yeni yanaşma tələb etdi. AMEA-nın digər institut və təşkilatları kimi, Əlyazmalar İnstitutunda da qədim türkoloji əlyazmalar tədqiqat obyektinə çevrildi, böyük nailiyyətlər, uğurlu elmi nəticələr əldə olundu. Hazırda respublikamızda türkoloji fənlərin tədrisi və elmi tədqiqatlar istiqamətində yeni perspektivlər müəyyən olunur. Qeyd etdiyim kimi, Türkologiyanın istiqamətlərindən biri də türk dünyası tarixinin öyrənilməsidir. Bu baxımdan, İslam Sivilizasiyası Mərkəzinin fəaliyyəti türkoloji tədqiqatlardan da yan keçməyəcək.
Onu da əlavə edim ki, mənimlə birlikdə həmin tədbirdə iştirak edən Qarabağ Universitetinin filologiya kafedrasının müdiri dosent Əzizağa Nəcəfov “Elm və maarif islam sivilizasiyasının əsası kimi” adlı bölmə iclasında “Qarabağda təhsil və maarifin inkişafı tarixindən: məktəblərdən universitetədək (XVIII-XXI əsrlər)” mövzusunda məruzəsini təqdim etdi. Bu çıxış da konqres iştirakçılarının böyük marağına səbəb oldu. Bundan əlavə, Türkiyə və Özbəkistan universitetlərinin nümayəndələri ilə keçirilən görüşlərdə Qarabağ Universiteti haqqında ətraflı məlumatlar nəzərə çatdırıldı, bukletlər təqdim edildi.
- İslam Sivilizasiya Mərkəzi deyəndə ilk növbədə əsas hədəfi dinimizin özəlliklərini ehtiva və təbliğ edən bir qurum gəlir göz önünə. Xüsusən də, İslam dinini və müsəlman aləmini terrorçuluq, ekstremizmlə ittiham edən qüvvələrin gündən-günə çoxaldığı bir vaxtda belə bir mərkəzin fəaliyyəti bu kimi dezinformasiyaların ifşası baxımından da əhəmiyyətlidir.
- Əlbəttə, hazırda islamofobiya meyillərinin artması, İslam dininin potensial təhlükə mənbəyi kimi aşılanması, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin geniş yayılması hər kəs kimi, təbii ki, bu sahədə çalışan alim və mütəxəssisləri də narahat edir. Təsadüfi deyil ki, “İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsi”ndə də dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması kimi məsələlər pislənir.
Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatların bu mənfi tendensiyanın aradan qaldırılmasının vacibliyini əks etdirən çağırışlarının əksi olaraq İslam dininə, mədəniyyətinə qarşı məqsədyönlü şəkildə təbliğat aparılır, İslamın əsl mahiyyəti təhrif edilir, onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirilir. İslam Sivilizasiya Mərkəzinin məqsədi həm də İslamın sülh, mərhəmət, tolerantlıq və ədalət dini olduğunu aşılamaqdır.
Həm Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, həm də Özbəkistan Respublikası Prezidenti Şafkat Mirziyoyev dini bərabərlik və inklüzivliyin hər iki xalqın həyat tərzi olduğunu dəfələrlə beynəlxalq səviyyəli yüksək tribunalarda səsləndiriblər. Sirr deyil ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Özbəkistanda da sözügedən dəyərlərə böyük önəm verilir. Bu mənada əminliklə demək olar ki, “Cəhalətə qarşı maarifləndirmə” şüarına xidmət edən bu ideyaların reallaşdırılması dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.
Ümumiyyətlə, haqqında söz açdığımız konqres hər iki ölkənin mədəni irsi ilə bağlı materialların tədqiqi, nəşri və təbliği ilə bağlı yeni layihələrin müzakirəsi baxımından da əhəmiyyətlidir. Səfər çərçivəsində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının açılış mərasimində də iştirak etdik. Bu mötəbər beynəlxalq tədbirin məhz Qarabağ şikəstəsi ilə açılışını izləmək çox xoş və qürurverici idi. İslam Sivilizasiyası Mərkəzinin yaradılması həqiqətən önəmli hadisədir. Ümidvarıq ki, bu mədəni-humanist meqalayihə Şərqin mütəfəkkirləri və elm adamlarının dünya elminə və sivilizasiyasına bəxş etdiyi töhfələrə dair fundamental tədqiqatların aparılmasına təkan verəcək.
Xatirə CABBARZADƏ


