Ermənilər odla oynayır Bakının səbri sonsuz deyil
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Ermənistanın baş naziri Nikol Paşinyan və administrasiyası son illərdə olduğu kimi, indi də ölkədəki revanşistlərlə müxalifətçilərin "bahar qıcıqlanması" ilə üzləşib.
5 il əvvəl, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsində məruz qaldığı kapitulyasiyadan sonra Ermənistandakı ağır ictimai-siyasi böhranın artıq çözüldyünü, problemlərin həllini tapdığını düşünənlər artıq yanlıdıqlarını anlayırlar.
Məyusluq, qorxu, qəzəb və illüziyalar kimi sosial qarabasmalar yenidən erməni cəmiyyətinə hakim olub.
Belə mənəvi təşviş və artan daxili böhran fonunda, artıq siyasətdən getdiyi düşünülən şəxslər - sabiq prezidentlər, nazirlər, komandirlər yenidən, zahirən "qəflətən" fəallaşıblar.
Onların "paradı" təkcə keçmişə nostalgiya deyil, həm də revanş cəhdidir. Sadəcə "Qarabağın qaytarılması" idefiksi yox, həm də itirilmiş nüfuz naminə.
Yaşanan proseslər Moskva ilə, küçə ilə, ordu ilə, ən əsası isə sərhədlə oynanılan təhlükəli oyunun başlanğıcı sayıla bilər.
Son həftələrdə Ermənistanda narahatedici bir dejavu yaşanır - ölkəni siyasi keçmişinin kölgələri bürüyür. Səhnədən çəkilmiş bu fiqurlar qəfildən geri qayıdıblar - şərhçi kimi yox, oyunçu iddiası ilə. Bu, qeyri-adi bir "siyasi mumiyaların dirçəlişi"dir - onların populyarlığına görə yox, Paşinyanın zəifləyən hakimiyyəti ətrafında yaranmış siyasi vakuum səbəbindən.
Sabiq prezident Serj Sarqsyan uzun müddət könüllü siyasi inzivaya çəkilmişdi - onu "məxməri inqilabın" 2018-ci il dalğası ağır yandırmışdı. Lakin son günlərdə o, yenidən ictimaiyyət önünə çıxdı - gurultulu çıxışlar və ya manifestlərsiz, sadəcə sükutu ilə. Ermənistanın siyasi mədəniyyətində yaşlının sükutu bəzən ən təsirli məqalədən də önəmlidir. Buzlar qırılmağa başlayıb. Üstəlik, Sarqsyana sadiq qalan şəxslər hələ də partiya və güc strukturlarında mövqelərini qoruyurlar.
Daha fəal davranan isə Robert Koçaryan oldu - "qarabağlı klan"ın lideri, siyasi ambisiyalarından heç vaxt vaz keçməyən bir fiqur. Onun İrəvandakı "Erməni Universiteti"ndəki mühazirəsi Paşinyana qarşı əsl hücum idi. "Ordunun dağılması, Rusiya ilə əlaqələrin məhv edilməsi, Qarabağın satılması" - bütün günahlar onun ayağına yazıldı. Xüsusilə Praqa razılaşmasına istinad - burada Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı - erməni elitası üçün çox ağrılı səsləndi. Bu, onlar üçün təslimiyyət demək idi.
İctimai şüuru manipulyasiya etməkdə usta olan Koçaryan bu ittihamları "iqtisadi reallıq"la da bəzədi: "Mənim dövrümdə Avropa İttifaqı ilə ticarət 22-24 % idi, indi - 6-7 %. O vaxt Rusiya ilə - 25 %, indi - 55-60 %". Bu rəqəmlər Ermənistanın xarici siyasət balansının deqradasiyasının "sübutu" kimi təqdim edildi, halbuki reallıq xeyli mürəkkəbdir. Amma təbliğat ustasının əlində bu tezislər effektiv silaha çevrilir.
Revanşist estafetdə növbəti iştirakçı keçmiş xarici işlər naziri Vardan Oskanyan oldu. Vaxtilə diplomat olan Oskanyan indi birbaşa təzyiq siyasətini seçmiş siyasətçidir. Onun məqaləsi sadəcə tənqid deyil, siyasi ittiham aktıdır. "Paşinyan - böhranın nəticəsi deyil, elə özü böhrandır" kimi ifadələr artıq hökm kimi səslənir. O, mövcud baş nazirin uzaqlaşdırılmasını alternativ yox, Ermənistanın "milli dövlət" kimi mövcudluğunun yeganə şərti kimi təqdim edir. Ermənistanın siyasi mədəniyyətində bu, küçə səfərbərliyinə, hətta güc ssenarisinə çağırışın üstüörtülü formasına bənzəyir.
Revanşist ritorikanın ən açıq ifadəsi isə keçmiş "komandir" Vitaliy Balasanyanın demarşı oldu. Bakının diqqət mərkəzində olan keçmiş separatçı geniş bir məktubla şəxsən Rusiya prezidenti Vladimir Putinə müraciət etdi. Bu məktub təhlükəli sənəddir - o, göz yaşlı nostalgiya, tarixi manipulyasiya və açıq separatizmin qarışığıdır. Balasanyan Qarabağ ermənilərini "geri dönməz tarixi ədalətsizliyin" qurbanı kimi təqdim edir və Rusiya qarşısında yalvarış edir: "Bizi oradan qovublar, geri qaytarın". Gülüstan və Türkmənçay müqavilələrinə istinad edərək XIX əsri diriltməyə çalışır.
Əsas mesaj sadədir: Rusiya müdaxilə etməli və Qarabağın idarəsini yenidən ermənilərə qaytarmalıdır. "Faşizmə qarşı qələbədə Qarabağ ermənilərinin payı", "irsi soyqırımı" və "bunu yalnız Rusiya dövləti dayandıra bilər" kimi manipulyativ arqumentlərlə bu çağırış maskalanır. Əslində isə burada məqsəd aydındır - başqa güclərin əli ilə itirilmiş torpaqları geri almaq.
Beləliklə, biz sadəcə ayrı-ayrı çıxışlarla deyil, revanşist düşərgənin dirçəldilməsi cəhdi ilə qarşı-qarşıyayıq. "Sabiqlərin" bu qədər ictimai şəkildə fəallaşması təsadüfi deyil. Bu, artan məyusluqdan, sosial təzyiqdən və beynəlxalq qeyri-müəyyənlikdən qidalanır. Əvvəllər bu, "ruhların yallısı"na bənzəyirdisə, indi getdikcə hesablanmış plan, xarici koordinasiya və siyasi proqramlı fəaliyyətə çevrilməkdədir.
Revanşistlərin fəallaşması birbaşa Nikol Paşinyanın qeyri-sabit vəziyyəti ilə əlaqəlidir. Yeddi illik hakimiyyət - və cəmiyyətə təqdim ediləcək uğurlar getdikcə azalır. İki itirilmiş müharibə. Ermənilərin "öz torpağı" saydığı ərazilərin əldən çıxması. Rusiya - narazı tərəfdaş. Qərb - soyuq və ehtiyatlı. İqtisadiyyat - asılı və zəif. Reytinq - sərbəst enişdə. Bütün bunlar "sabiqlər"in əlinə fürsət verir: revanşist şüarları yenidən dövriyyəyə buraxaraq, patriotizmi paranoyaya qarışdıraraq etirazçı və milliyyətçi elektoratı birləşdirməyə çalışırlar.
Bununla yanaşı, erməni cəmiyyətindəki daxili demorallaşma da vacib amildir. 2023-cü ildə Qarabağ anklavının darmadağın edilməsindən sonra Ermənistanda təkcə siyasi deyil, psixoloji sarsıntı da yaşandı. Bu boşluq - qayda, revanş və "tarixi ədalət" vədləri ilə geri dönən köhnə idollar üçün ideal zəmin yaradır. Məhz bu kontekstdə Koçaryan və Balasanyanın qışqırıqları təsadüfi deyil, məqsədyönlü təzyiq vasitəsidir.
Rusiya bu teatrda təkcə səhnəarxası müşahidəçi deyil. O, yeni tamaşanın potensial rejissorudur. Moskva uzun müddətdir ki, Paşinyanın Qərbə yönəlməsi, KTMT-dən uzaqlaşması və Ermənistan-Aİ missiyasına görə qəzəblidir. Kreml bu situasiyada həm yumşaq, həm sərt təzyiq vasitələrinə əl atır. 2024-cü ildə bu, iqtisadi əngəllər - təchizat gecikmələri, logistik bloklar şəklində idi. İndi isə - revanşistlərlə açıq flört başlayıb.
Balasanyanın Putinə müraciəti - tək bir adamın çarəsiz fəryadı deyil. Bu, Rusiyanın daxilində rezonans doğuracaq şəkildə hesablanmış mesajdır. Gülüstan və Türkmənçay müqavilələrinə istinad sadəcə tarixi ritorika deyil. Bu, açıq sövdələşmə təklifidir: siz bizə Qarabağı qaytarın, biz sizə sadiq Ermənistan veririk. Moskvanın narazılığı fonunda onun Ermənistanın daxili siyasətindəki destabilizasiya rolunu qiymətdən salmaq olmaz. Kreml bəlkə də revanşizmin təşəbbüskarı deyil, lakin onun səssiz razılığı və "qarabağlı klan"ın nümayəndələrini Moskvada isti qarşılaması vəziyyəti getdikcə daha çox eskalasiyaya yaxınlaşdırır.
Sözlərdən daha təhlükəli olan - əməllərdir. Və bu nöqtədə mənzərə xüsusilə narahatedici görünür. "Erkrapa" kimi silahlı hüceyrələri olan veteran təşkilatları və qondarma hərbi-vətənpərvərlik qrupu VoMa son vaxtlar sərhəd zonasında getdikcə daha fəal fəaliyyət göstərir. Hərbi düşərgələr, "təlimlər", patrul əməliyyatları - bütün bunlar Ermənistanın de-yure müharibə vəziyyətində olmadığı, lakin de-fakto provokasiyanın sərhədində oynadığı bir şəraitdə baş verir.
"Yerkrapa" döyüşçülərinin yaxınlarda sərhəd bölgələrindəki rotasiyası təkcə Bakıya yox, həm də Yerevana ünvanlanan siqnaldır. Belə hərəkətlər heç olmasa güc strukturlarının səssiz razılığı olmadan mümkün deyil. Bu isə o deməkdir ki, elitanın bir hissəsi ya tam çaşqınlıq içindədir, ya da artıq ikili oyun oynayır. Bu isə təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün birbaşa təhlükə deməkdir.
2025-ci ildə transsərhəd təxribatlarının risklərini görməməzlikdən gəlmək mövcud reallığı başa düşməkdən könüllü imtinadır. Suverenliyin getdikcə daha çox hibrid təhlükələrlə üz-üzə qaldığı dünyada - yarı-hərbi strukturlardan tutmuş şəbəkəvari terror qruplarına qədər - qabaqlayıcı tədbir hüququ artıq nadir istisna yox, norma halını alıb. Üstəlik, bu norma yalnız presedentlərlə yox, həm də aparıcı güclərin praktik siyasəti ilə təsdiqlənib.
Bu kontekstdə ən ardıcıl və aydın nümunə göstərən aktorlardan biri İsraildir. Onun Livanda "Hizbullah"a, Qəzza zolağında isə "HƏMAS"a qarşı transsərhəd əməliyyatlar təcrübəsi sərt prinsipə əsaslanır: əgər təhlükə neytrallaşdırıla bilərsə - o neytrallaşdırılmalıdır. Son illərdə İsrail dəfələrlə öz sərhədlərindən kənarda silah karvanlarına, komanda məntəqələrinə, təlim bazalarına, logistik marşrutlara və infrastruktur obyektlərinə zərbələr endirib. BMT də, Aİ də Təl-Əvivi birbaşa "təcavüzdə" ittiham etməyə cəsarət etməyib, çünki ümumi kontekst aydın idi: söhbət terror təhlükəsinə qarşı mübarizədən gedirdi.
ABŞ isə transsərhəd zərbə praktikasını çoxdan sistemli strategiyaya çevirib. 1980-ci illərdə bu, Liviyaya, İraqa və Livana zərbələr idi. 2001-ci ildən sonra - Əfqanıstanda, Pakistanda, Yəməndə "Əl-Qaidə" və "Taliban" düşərgələrinə qarşı əməliyyatlar. Son aylarda isə, husilərin dəniz yollarına və ABŞ müttəfiqlərinə hücumlarına cavab olaraq, Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını gözləmədən Yəməndəki raket qurğularına və komanda mərkəzlərinə zərbələr endirib. Üstəlik, bu hərəkətlər müttəfiqlərin dəstəyini alıb, çünki onlar özünümüdafiə aktları kimi qiymətləndirilib.
Beynəlxalq təcrübənin verdiyi mesaj aydındır: əgər bir dövlət xarici təhlükə ilə qarşılaşırsa, o, bu təhlükənin sərhədi keçməsini gözləməli deyil.
Azərbaycan, xüsusilə 2020-ci ildən etibarən, təhlükəsizlik təhdidlərinə qarşı özünəməxsus və ardıcıl yanaşma formalaşdırıb. Bu yanaşma son illərin iki əsas epizodunda özünü aydın göstərdi.
Birinci - 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilmiş antiterror tədbirləri. Sürətli, dəqiq və hüquqi əsaslı bu əməliyyat, "humanitar missiyalar" pərdəsi altında fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarını tamamilə zərərsizləşdirdi. Tədbir cəmi bir gün davam etsə də, nəticəsi aydın oldu - bölgənin tam deokkupasiyası və növbəti zorakılıq mərhələsinə hazırlıq görən strukturun tərksilah edilməsi.
İkinci - 2024-cü ilin fevralında erməni snayper mövqeyinə endirilmiş zərbə. Ermənistan ərazisindən Azərbaycan sərhədçilərinə atəş açıldıqdan sonra, Azərbaycan Ordusu cəmi bir neçə saat ərzində atəş açılmış mövqeyə - artıq Ermənistan ərazisində yerləşən posta - dəqiq zərbə endirdi. O postun kimə məxsus olması vacib deyildi: istər Ermənistanın müntəzəm ordusuna, istər sərhəd xidmətinə, istərsə də "Yerkrapa" fəallarına. Vacib olan - Azərbaycanın reaksiyasının sərt, dəqiq və dərhal olması idi. Ən önəmlisi isə - bu hadisə dünya birliyindən ciddi qınaq almadı. Heç bir aparıcı ölkə Bakıdan "təcavüzkar" kimi bəhs etmədi. Əksinə - bu, birbaşa təxribatın qarşısını alan tədbir kimi qəbul edildi.
Bu gün, sərhəddə yenidən "təlimlərə" başlayan "Yerkrapa" döyüşçüləri, fəallaşan VoMa kimi qruplar və media məkanında "Qarabağ uğrunda yeni müharibəyə" çağırışlar fonunda Azərbaycan yenidən tanış bir dilemmayla üz-üzədir. Dözümlülük - təşviq deməkdir. Qabaqlayıcı tədbir - qarşısını almaq deməkdir.
Azərbaycan öz sərhədlərinə yaxın ərazilərdə paralel silahlı strukturların yaradılmasına göz yummayacaq. Bu elementlər hibrid təhdidin bir hissəsinə çevrilən andan etibarən - Bakı hərəkət etmək hüququna malikdir. Bu - siyasi yox, milli təhlükəsizlik məsələsidir. Müasir əməliyyatların bütün məntiqi bir şeyi sübut edir: təhlükəni məhv etmək - sonradan əsgər dəfn etməkdən və Qərbdəki "humanistlərin" hiddət bəyanatlarını dinləməkdən qat-qat üstündür.
Bu gün Ermənistanda klassik legitimlik böhranı yaşanır. Paşinyan nəinki siyasi, həm də simvolik nəzarəti itirməkdədir. Onun yerini isə artıq bir dəfə ölkəni fəlakətə sürükləmiş qüvvələr doldurmağa can atırlar. Sadəcə bu dəfə onlar təkcə təcrübə ilə deyil, eyni zamanda xarici dəstəklə silahlanıblar. Rusiya - kölgə kimi İrəvanın siyasi dəhlizlərində dolaşır. Fransa isə "erməni kimliyinin xilaskarı" obrazında çıxış edərək, eyni zamanda Ermənistanı silahlandırır. Amma bütün bunlar Ermənistanın onsuz da kövrək olan sabitliyini uçuruma bir addım da yaxınlaşdırır.
Hazırkı vəziyyətin inkişafı üçün mümkün ssenarilər belədir:
Revanşistlərin güclənməsi, Paşinyan hakimiyyətinin tamamilə çöküşü və ölkənin idarə olunan xaosa sürüklənməsi, bu fonda isə sərhəddə hərbi təxribat ehtimalı.
Qərbin Paşinyana dəstəyinin güclənməsi, lakin bunun əvəzində ondan güzəştlər tələb etməsi. Bu isə Ermənistan cəmiyyətini ondan daha da uzaqlaşdırır və daxili parçalanmanı dərinləşdirir.
Azərbaycanın qabaqlayıcı addımlar atması, təhlükələri ilkin mərhələdə neytrallaşdırması və bunu beynəlxalq presedentlərə uyğun - terrorçu strukturlara qarşı güc tətbiqi kontekstində həyata keçirməsi.
Bölgənin hibrid müharibə mərhələsinə keçidi, burada açıq döyüşlərdən çox, bir-birini əvəzləyən lokal toqquşmalar, diversiyalar və informasiya hücumları baş verir. Və bu ümumi geosiyasi mozaikanın yalnız bir hissəsidir.
İrəvan çox gec olsa da, artıq dərk etməlidir ki, Azərbaycanın xəbərdarlıqları sadəcə ritorika deyil, dövlət strategiyasının tərkib hissəsidir. Əgər İrəvanda bunu hələ də anlamırlarsa - nəticələr geri dönüşü olmayan olacaq. Və o zaman vəziyyət həqiqətən qızışanda, nə "qaliblərin nəvələrini", nə də onların havadarlarını xilas edəcək kimsə tapılmayacaq.
Tarix ikinci şansı həmişə vermir. Ermənistan isə öz şansını artıq xərcləyib.
Azərbaycan bunu çoxdan açıq şəkildə bəyan edib: erməni revanşizminin heç bir forması - nə siyasi, nə hərbi, nə də terrorçu - qəbul edilməyəcək. Odla oynayanlar - istər keçmiş komandirlər olsun, istər çantasında yalan və nifrət daşıyan "yeni vətənpərvərlər" - başa düşməlidirlər: region artıq dəyişib. Yeni reallıqda isə ən düzgün addım - qırmızı xəttə yaxınlaşmamaqdır.
Çünki əgər bu xətt keçilərsə - cavab qaçılmaz olacaq.
Sərhəddə oynamaqdan imtina etmək vaxtıdır. Növbəti addım - sonuncu ola bilər.


