Təyyarə qəzasında xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağırdır FHNnin həkimi
"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.
Day.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlərlə görüşüb, onlara psixoloji xidmət göstərib.
"Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Manqistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir", - deyə o bildirib.
N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxın zamanda Bakıya köçürülməsi gözlənilir.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Qazaxıstan həkimləri, həmçinin, Azərbaycan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3 nəfər sağ qalıb.