Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Oktyabrın 13-də gecə saatlarında dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeni hədəfə alınıb, xeyli sayda dövlət qurumunun, o cümlədən bir sıra nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb".
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, İKT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dərhal açıqlama verib:
"Açıqlamaya görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib. Görülən operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub.
İlkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur. Artıq sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi iddia olunur. Sosial mediada bəzi paylaşımlarda hücumun Türkiyədən həyata keçirildiyi iddia olunur. Amma 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşma kimi tanınır. Hələlik hücumun konkret olaraq haradan olduğu təsdiqlənməyib".
O qeyd edib ki, son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb:
"Bununla belə, görünür, görülən tədbirlər belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün hələ kifayət deyil. Fikrimcə, XRİTDX bu hadisə ilə bağlı daha ətraflı araşdırma və hesabat hazırlamalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı və mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır.
Eyni zamanda, dövlət qurumlarının kiber müdafiəsi, ehtiyat infrastrukturu, bərpa mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir. Baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha da məsuliyyətlə yanaşmasını tələb edir".
Gülər
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin