Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyanın avtomobil istehsalçıları “Honda” və “Toyota” təhlükəli hava yastıqları ilə bağlı dünya üzrə təxminən 1,6 milyon avtomobili geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, geri çağırılmaya səbəb avtomobillərdə istifadə olunan hava yastıqlarının şişirdici qurğularının partlama riskidir. Belə ki, hava yastığı açılarkən şişirdici partlaya, nəticədə metal parçaları avtomobilin salonuna səpələnərək sürücü və sərnişinlərin ağır xəsarət almasına səbəb ola bilər.
“Honda” şirkətinin geri çağırışı ABŞ-də 810 min 592 avtomobili əhatə edir. “Toyota” isə dünya üzrə təxminən 790 min avtomobili, o cümlədən ABŞ-də 314 min nəqliyyat vasitəsini geri çağırır. Şirkətlər bildiriblər ki, hazırkı geri çağırışa səbəb olan nasazlıqla əlaqədar indiyədək heç bir qəza və ya xəsarət hadisəsi qeydə alınmayıb.
“Honda”nın geri çağırışına 2013-cü ilin bəzi “Accord” modelləri, 2012-2013-cü illərin “Civic” və “CR-V” avtomobilləri, eləcə də 2013-cü il istehsalı olan “Acura ILX” və RDX modelləri daxildir. Geri çağırılma ABŞ-nin isti və rütubətli iqlimə, həmçinin kəskin temperatur dəyişikliklərinə malik 14 ştatında və ərazilərində satılmış və ya qeydiyyata alınmış avtomobillərə şamil edilir.
“Toyota” isə 2002-2010-cu illərdə istehsal edilmiş “Lexus SC430”, 2011-ci il “Lexus IS250”, 2017-ci il “Lexus GX460”, 2003-2008-ci illərin “Toyota Corolla”, 2005-2006-cı illərin “Tundra”, 2005-2007-ci illərin “Sequoia” və 2016-2017-ci illərin “4Runner” modellərinin bir qismini geri çağırır.