Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İyunun 19-da İsveçrənin Cenevrə şəhərində ABŞ və İran arasında imzalanacağı gözlənilən memorandumun əsas məqsədi hərbi qarşıdurmanın dayandırılması, Hörmüz boğazının yenidən açılması və növbəti 60 gün ərzində daha geniş siyasi-iqtisadi, sanksiyalar və nüvə danışıqları üçün çərçivənin formalaşdırılmasıdır. Əldə olunan razılaşma və imzalanacaq memorandumun tam sülh müqaviləsi olmadığı, daha çox keçid mərhələsi sənədi kimi qiymətləndirildiyi bildirilir. Tərəflərin məlumatına görə, memorandum imzalandıqdan sonra Hörmüz boğazının açılması və İran limanlarına tətbiq olunan məhdudiyyətlərin yumşaldılması nəzərdə tutulur".
Bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi.
Onun sözlərinə görə, memorandumun əhəmiyyəti böyükdür:
“Xüsusilə İran üçün iqtisadi baxımdan hazırkı mərhələdə "nəfəslik" rolunu oynayan bu razılaşma neft ixracının bərpasına şərait yarada bilər və qlobal enerji bazarında yaranmış gərginliyin azalmasına töhfə verə bilər. Artıq dünya enerji bazarları bu ehtimalı qiymətləndirməyə başlayıb. 1979-cu ildən bu yana ABŞ–İran münasibətlərində uzun illərdən sonra ən ciddi diplomatik irəliləyiş kimi qiymətləndirilən bu proses mürəkkəb məsələlər fonunda baş tutur.
İranın nüvə proqramı, uranın zənginləşdirilməsi, sanksiyaların tam ləğvi və regional silahlı qruplarla bağlı məsələlər hələ tam həll olunmayıb və imzalanmadan sonra 60 günlük texniki danışıqlarda müzakirə ediləcəyi gözlənilir. Hər iki ölkənin media orqanlarında razılaşmanın məzmunu ilə bağlı ziddiyyətli məlumatlar yayılıb, lakin rəsmi təsdiq olmadığı üçün bu məlumatlar təkzib edilir. Əslində, bu vəziyyət qarşılıqlı etimadsızlıqdan qaynaqlanır.
Bu baxımdan memorandumun uğuru növbəti mərhələdə aparılacaq danışıqlardan asılı olacaq. Sənədin dərhal münasibətlərin inkişafına ciddi təkan verəcəyini gözləmək çətindir. Bununla belə, hərbi gərginliyin azalması, neft və gəmiçilik bazarlarında sabitləşmə ehtimalı mövcuddur. Lakin nüvə proqramı, uranın zənginləşdirilməsi, sanksiyaların tam ləğvi və digər məsələlər üzrə razılıq əldə olunmasa, böhran yenidən dərinləşə bilər”.
Politoloq vurğuladı ki, sənədin mahiyyəti nə qədər faydalı olsa da, razılaşmanın kağız üzərində qalma ehtimalı da mövcuddur:
“Lakin hazırkı mərhələdə onun tam uğursuz olacağını demək düzgün olmaz. Bu baxımdan 19 iyun prosesi başlanğıc mərhələsi kimi dəyərləndirilə bilər”.
Aytəkin TOFİQQIZI