Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci il 6 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər (Sustainabl Development Strategy: Global Trends, National Experience and New Goals)” mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir.
Konfrans Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, AzTU-nun rektoru prof.
Vilayət Vəliyev, MDU-nun rektoru Anar Eminov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, həmçinin Azərbaycan və digər 19 ölkədən ali təhsil və tədqiqat institutlarını təmsil edən görkəmli alimlər, professor-müəllim heyəti, tədqiqatçılar, tələbə və magistrant iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Ardınca MDU-nun tələbələrinin hazırladıqları startap layihələrindən ibarət sərgiyə baxış keçirilib.