Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində ağır faciə olmaqla yanaşı, eyni zamanda milli iradənin, ləyaqətin və azadlıq əzminin sarsılmazlığını nümayiş etdirən şanlı bir səhifədir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Qanlı Yanvar” sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi ən amansız, insanlıq əleyhinə əvvəlcədən planlaşdırılmış cinayətlərdən biri kimi tarixə düşmüşdür: “1987-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda Sovet rəhbərliyi problemi siyasi və hüquqi yollarla həll etmək əvəzinə, silahsız dinc əhaliyə qarşı ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə kütləvi qırğın törətmişdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən qoşun hissələri qadın, uşaq, qoca demədən günahsız insanları qətlə yetirmiş, Azərbaycan xalqının azadlıq iradəsini qanla boğmağa cəhd göstərmişdir.
Nəticədə 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış, yüzlərlə vətəndaş qanunsuz həbs edilmiş, dövlətə və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurulmuşdur.
Lakin bütün bu vəhşiliklər xalqımızın iradəsini sındıra bilmədi.
Əksinə, 20 Yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi və Azərbaycan müstəqilliyinə aparan yolun dönüş nöqtəsinə çevrildi.