Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 2025-ci il "Global Media Group" üçün əlamətdar il olub.
Ötən il ərzində şirkətlər qrupu fəaliyyətini daha da inkişaf etdirərəkinformasiya istehsalı və yayımını davam etdirib, beynəlxalq əməkdaşlıqları gücləndirib və rəqəmsal mühitdə davamlı olaraq aparıcı mövqeyini qoruyub.
Hesabat dövründə "Global Media Group"a daxil olan "Oxu.az" xəbər portalı, "Global Management " autsorsinq şirkəti, "Report" İnformasiya Agentliyi və "Baku TV" kanalında beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi "TÜV Austria Azərbaycan" MMC tərəfindən aparılıb.
Audit çərçivəsində təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 - Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə idarəetmə mexanizmləri beynəlxalq tələblərə uyğunluğu baxımından qiymətləndirilib.
Auditin nəticələri "Global Media Group"a daxil olan şirkətlərin institusional idarəetmə prinsiplərinə sadiqliyini və proseslərin davamlı təkmilləşdirilməsini təsdiqləyib.
2025-ci il ərzində "Global Media Group"un və ona daxil olan şirkətlərin beynəlxalq əməkdaşlıqları genişlənib.
"Baku TV" və "Report" İnformasiya Agentliyi tərəfindən Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanının aparıcı media qurumları ilə imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinə, regional media əlaqələrinin inkişafına və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradıb.
İl ərzində "Global Media Group"un media sahəsində fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib.