Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Qara dəliklər, gizli bunkerlər və təlaş..."
Son həftələr sosial şəbəkələrdə sürətlə yayılan konspirativ iddiaya görə, guya 12 avqust 2026-cı ildə Yer kürəsi yeddi saniyəlik cazibə qüvvəsini tam itirəcək.
Moderator.az xəbər verir ki, bu barədə "newsnation.com" nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan qorxu ssenarisi
Viral videoların müəllifləri bu hadisənin milyonlarla insanın ölümünə səbəb ola biləcəyini iddia edir, NASA-nın isə bu təhlükəni əvvəlcədən bildiyi və "seçilmişlər" üçün gizli bunkerlər inşa etdiyi irəli sürülür. Bu məlumatlar əsasən "Wion" nəşrinin materialları və sosial platformalardakı paylaşımlar əsasında yayılıb.
İddialara görə, cazibənin qısa müddətlik yox olması zamanı insanlar və əşyalar havaya qalxacaq, sonra isə yerə çırpılaraq kütləvi fəlakət yaradacaq. Ayrı-ayrı paylaşımlarda mümkün itkilərin 40-60 milyon nəfər arasında olacağı bildirilir.
"Project Anchor" və qara dəliklər barədə iddialar
Konspirologiya tərəfdarları bu ssenarini guya NASA-ya məxsus məxfi sənəd "Project Anchor" ("Lövbər Layihəsi") ilə əsaslandırır. İddia olunur ki, proqram 2014-cü ildən fəaliyyət göstərir və 89 milyard dollar büdcəyə malikdir. Versiyaya əsasən, iki qara dəliyin yaratdığı qravitasiya dalğaları Yerə təsir edərək cazibəni müvəqqəti "söndürəcək".
Paylaşımlardan birində deyilir: "Qravitasiyanın itməsi xaos yaradacaq, insanlar və hərəkətsiz əşyalar havaya qalxacaq, sonra isə yerə düşəcək". Bununla yanaşı, iddia olunur ki, sığınacaqlara yalnız hökumət nümayəndələri, alimlər və hərbçilər buraxılacaq, məlumat isə qlobal panikanın qarşısını almaq üçün gizlədilir.
NASA və alimlərin mövqeyi
NASA yayılan iddialara rəsmi şəkildə cavab verərək bildirib ki, Yer kürəsinin cazibə qüvvəsi onun kütləsindən asılıdır və xarici kosmik hadisələr onu "söndürə" bilməz. Agentliyin nümayəndəsinin sözlərinə görə, Yer yalnız bütün kütləsini - nüvədən atmosferədək eyni anda itirdiyi halda cazibəni itirə bilər ki, bu da real deyil.
NASA həmçinin təsdiqləyib ki, 12 avqust tarixində Günəş tutulması baş verəcək, lakin bu hadisə yalnız müəyyən regionlarda müşahidə olunacaq və Yer üçün heç bir təhlükə yaratmır. Qazaxıstanlı astrofizik Svetlana Moşkina da yayılan şayiələrin elmi əsası olmadığını bildirib:
"Qravitasiya fundamental qarşılıqlı təsirdir və Yer mövcud olduqca onun cazibə sahəsi də mövcud olacaq. Planet kütləsini itirmirsə, cazibəni də itirə bilməz". Ekspertlər bu cür sensasiyalı iddialara inanmaq əvəzinə, məlumatların rəsmi və etibarlı mənbələrdən yoxlanılmasına çağırış edir.