Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin referendumuna nail olmaq üçün parlament müxalifətinə növbəti dəfə çağırış edib. Baş nazir xalqın layihənin əleyhinə səs verəcəyi təqdirdə bir həftə ərzində istefa verəcəyini, dəstəkləyəcəyi halda isə növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağını vəd etsə də, müxalifət düşərgəsi bu təklifi qəti şəkildə rədd edir.
“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentində dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Nikol Paşinyan Ədliyyə Nazirliyinin 23 noyabr bazar ertəsi günü yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edəcəyini açıqlayıb. O, həmin gün xalqa xüsusi müraciət ünvanlayacağını da bildirib.
Parlamentdə konstitusiya çoxluğuna sahib olmayan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının layihəni referenduma çıxarması üçün müxalifətin 6 deputatının səsinə ehtiyacı var. Paşinyan bu səsləri əldə etmək üçün siyasi karyerasını ortaya qoyduğunu bəyan edib: "İndi müxalifətə yeni Konstitusiyanın qəbulu ilə bağlı referenduma gedilməsi üçün lazım olan altı səsi verməyi təklif edirəm. Əgər xalq yeni Konstitusiyanın əleyhinə səs verərsə, bir həftə ərzində istefa verəcəyəm. Xalq Konstitusiyanı təsdiqləyərsə, istər növbədənkənar, istərsə də növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağıma dair zəmanət verirəm. Görünən odur ki, müxalifət bunu qəbul etmir, lakin mən bu təklifi açıq saxlayıram."
Müxalifətin ona inanmadığına dair bəyanatlarına da toxunan Baş nazir, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2015-ci il konstitusiya islahatlarından sonra verdiyi sözü tutmamasını və bunun 2018-ci il inqilabına səbəb olmasını xatırladıb. Paşinyan müxalifəti öz arqumentləri ilə vurmağa çalışıb: "Mənə etibar etmədiklərini deyirlər, Serj Sarkisyanın dediyini, lakin etmədiyini xatırladırlar... məhz buna görə inqilab baş verdi. Əgər mən də deyib etməyəcəyəmsə, sizin üçün bundan yaxşı hədiyyə nə ola bilər? İnqilabi vəziyyəti öz əllərimlə sizə gətirirəm, siz isə 'Yox, yox, yox, yox' deyirsiniz".
Paşinyanın bu çağırışlarına baxmayaraq, müxalifət düşərgəsi mövqeyindən geri çəkilmir. Ən böyük müxalifət partiyası olan “Güclü Ermənistan”ın baş katibi Tiqran Abramyan Paşinyanın istefası qarşılığında belə yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləməyəcəklərini bildirib: "Xalqdan 7 iyunda soruşuldu və xalq öz cavabını verdi. Nikol Paşinyan konstitusiya çoxluğunu əldə edə bilmədi, müxalifət isə səslərini 80 faiz artırdı".
Digər müxalifət qüvvəsi olan “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan ölkə vətəndaşlarına müraciət edərək, bu addımın Ermənistanı Azərbaycanın təsir dairəsinə salacağını iddia edib.
Beləliklə, 23 noyabrda dərc olunacaq Konstitusiya layihəsi ətrafında İrəvanda siyasi gərginliyin daha da artacağı gözlənilir. Hakim partiyanın müxalifətdən lazımi 6 səsi necə əldə edəcəyi isə hələlik sual altındadır.
Rasim Əliyev
“AzPolitika.info”