Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Son illər bazarda ucuz makiyaj vasitələrinə tələbat xeyli artıb. Xüsusilə sosial şəbəkələrdə münasib qiymətə təqdim olunan kosmetik məhsullar qadınların diqqətini çəkir. Qiyməti 3-5 manat arasında dəyişən tuş, tonal krem, dodaq boyası, kirşan və xüsusilə suya davamlı kiprik tuşu və sürmələr bir çoxları üçün cəlbedici görünür.
Bəs ucuz və keyfiyyətsiz məhsullar hansı fəsadlara yol aça bilər? Daha qalıcı olduğu üçün yüksək tələbat olan suya davamlı tuş və laynerlər hansı riskləri daşıyır?
Mövzu ilə bağlıvizajist Firuzə Əskərova Bakıvaxtı.az-ın suallarını cavablandırıb.
O bildirib ki, büdcəmiz imkan verdiyi qədər keyfiyyətli məhsullara üstünlük verməliyik. Əgər büdcəmiz məhduddursa, gündəlik istifadə üçün münasib qiymətə satılan, lakin keyfiyyətli markalar seçə bilərik:
"Pulu bir neçə keyfiyyətsiz məhsula xərcləməkdənsə, daha az sayda, amma yaxşı məhsul almaq daha məqsədəuyğundur. Çünki üz dərisi xüsusi diqqət və qayğı tələb edir. Dərimizə düzgün qulluq etməli, onun sağlamlığını qoruyan və ehtiyaclarına uyğun məhsullardan istifadə etməliyik. Dünyanın ən gözəl vizajisti gəlsə belə, düzgün qulluq olunmamış üzdə heç bir makiyaj gözəl görünmür".
Vizajist xüsusilə allergiyaya meyilli xanımlara xəbərdarlıq edərək bildirib ki, makiyaj üçün vizajistə müraciət etdikdə, ilk növbədə, dəri tipi haqqında məlumat verməlidirlər:
"Xüsusilə allergiyası, həssas dərisi və ya kosmetik vasitələrə qarşı hər hansı reaksiyası varsa, bunu əvvəlcədən bildirməlidir ki, vizajist məhsul seçərkən həmin məqamları nəzərə alsın.
"Allergiyaya meyilli və həssas dərisi olan xanımlar daha diqqətli olmalıdırlar. Belə xanımlar üçün xüsusi olaraq hazırlanmış kosmetik məhsullar mövcuddur və seçim zamanı onların dəri xüsusiyyətlərinə uyğun vasitələrə üstünlük verilməlidir. Əsas məsələ dərinin ehtiyaclarını nəzərə almaqdır. Məsləhət görərdim ki, allergiyasi olan xanımlar vizajistə müraciət edərkən öz dərilərinə uyğun, əvvəldən istifadə etdikləri və problem yaratmayan kosmetik vasitələri də özləri ilə gətirsinlər. Bu, həm vizajistin işini asanlaşdırar, həm də müştərinin özünü daha rahat və güvənli hiss etməsinə kömək edər.
Vizajist: "Düzgün qulluq olunmamış üzdə heç bir makiyaj gözəl görünmür"
Makiyaj zamanı allergiya yaranarsa, proses dərhal dayandırılmalı və istifadə olunan kosmetik vasitə dəridən ehtiyatla təmizlənməlidir. Müştəriyə əvvəlcədən həkim tərəfindən tövsiyə edilmiş müalicə planı olubsa, bu plana uyğun hərəkət edilməlidir", - deyə müsahibimiz qeyd edib.
"Suya davamlı kiprik tuşu və laynerlər risklər yaradırmı?" sualına da toxunan vizajist bildirib ki, heç bir kosmetik məhsulun hər kəs üçün tamamilə zərərsiz olduğuna zəmanət vermək olmaz:
"Suya davamlı tuş və laynerlər çox tələb olunur. Əgər müştərinin tərkibdəki maddələrə qarşı həssaslığı və ya allergiyası yoxdursa, bu məhsulların düzgün istifadəsi ciddi risk yaratmır. Yalnız kosmetik vasitələrə qarşı hər hansı reaksiyası olan xanımlar kosmetika vasitə seçərkən çox diqqətli olmalıdırlar. Çünki suya davamlı məhsullar məsamələri bağlayır, gözdə qaşınma, qızartı, sulanma kimi allergik reaksiyalar yarada bilər. Siuya davamlı makiyaj vasitələrdən xüsusi günlərdə, toy və ya çəkiliş zamanı istifadə olunması daha məqsədəuyğundur".
Gülşən Şərif