Modern.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında “3+3” formatında xarici işlər nazirlərinin görüşlərinin Bakı və İrəvanda keçirilməsini təklif edib. Bu açıqlama Cənubi Qafqazda regional əməkdaşlıq platformasının gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, formatın yenidən aktivləşməsi üçün ortaq gündəliyin olub-olmaması və belə görüşlərin region ölkələrinə nə verəcəyi məsələsi açıq qalır.
Rasim Musabəyov: “3+3” formatından yapışmaq Cənubi Qafqaz ölkələrinə fayda gətirmir
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, “3+3” formatında görüşlərin keçirilməsi üçün hazırda ortaq və məqbul gündəlik yoxdur. Regionda mövcud vəziyyət də bu formatın fəaliyyətini çətinləşdirir.
Deputat qeyd edib ki, Rusiyanın Ukrayna ilə müharibə və sanksiyaların sərtləşdirilməsi, İranın isə İsrail və ABŞ ilə münaqişə səbəbindən ciddi problemləri var. Gürcüstanla bağlı da heç bir irəliləyiş müşahidə olunmur və bu ölkə “3+3” formatında iştirak etmir.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli istiqamətində də ikitərəfli danışıqlar vasitəsilə irəliləyiş əldə olunur:
“‘3+3" formatı nə verəcək? Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmaq üçün nə Rusiyaya, nə də İrana ehtiyacı var. Ona görə də bu formatın gündəliyi bəlli deyil. Rusiya və İran bir çox beynəlxalq platformalardan təcrid olunduqları üçün "biz də buradayıq, bizimlə hesablaşırlar" mesajını vermək istəyirlər. Bu səbəbdən görüşün İrəvanda və ya Bakıda keçirilməsi məsələsini gündəmə gətirirlər. Ancaq nə Bakı, nə də İrəvan bu formatda xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsi üçün təşəbbüs göstərir”.
R.Musabəyov xatırladıb ki, Azərbaycan böyük beynəlxalq tədbir keçirib və burada bir sıra prezidentlər, baş nazirlər və xarici işlər nazirləri iştirak ediblər. Ermənistan da COP17-yə ev sahibliyi edib.
Deputatın fikrincə, ilin sonuna qədər nə Bakının, nə də İrəvanın “3+3” formatında görüş keçirmək üçün maraq və təşəbbüs göstərəcəyi gözlənilir.
O, gələcəkdə “3+3” əvəzinə “3+” formatının tətbiq edilməsini təklif edib:
“Üç Cənubi Qafqaz ölkəsi bir araya gələrək "3+Türkiyə", "3+Rusiya", "3+İran", "3+ABŞ", "3+Avropa İttifaqı" formatlarında görüşlər keçirə bilər. Əlavə "3+" formatları da yaratmaq mümkündür. Əsas məsələ "3+" yanaşmasıdır. "3+3" formatından yapışmaq Cənubi Qafqaz ölkələrinə fayda gətirmir. Region dövlətləri yalnız üç əlavə tərəflə özlərini məhdudlaşdırmış olurlar. Biz belə bir məhdudlaşmaya razı deyilik və bu, maraqlarımıza da cavab vermir”.