Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 19-20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransın keçirilməsi Cənubi Qafqazda sülh quruculuğu prosesinin ən həssas və ağrılı istiqamətlərindən birini yenidən siyasi-hüquqi müstəvidə gündəmə gətirir. İlk baxışdan regionda humanitar dialoqun təşviqinə yönəlmiş təşəbbüs kimi təqdim olunan bu tədbir, əslində rəsmi İrəvanın bəyan etdiyi humanitar ritorika ilə real fəaliyyəti arasındakı dərin ziddiyyətləri üzə çıxarır. Otuz ildən artıqdır ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin naməlum qalması təkcə keçmişin statistik göstəricisi deyil, bu gün də minlərlə ailənin fundamental hüquqlarının pozulması və regionda davamlı etimad mühitinin formalaşmasına əsas maneələrdən biridir.
Bunu Milli.Az-a deputat Bəhruz Məhərrəmov bildirib:
"Beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollar münaqişə tərəflərinin üzərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, dəfn yerləri barədə məlumat vermək, qalıqların ekshumasiyası və identifikasiyası üçün zəruri şərait yaratmaq kimi imperativ öhdəliklər qoyur. Hüquqi baxımdan bu öhdəliklər siyasi konyunkturadan və ya sülh müqaviləsinin yekun imzalanma tarixindən asılı olmayan qeyd-şərtsiz humanitar borcdur. Bununla belə, 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi mətnində də itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və məlumat mübadiləsi üzrə əməkdaşlığın xüsusi maddə kimi təsbit olunması məsələyə artıq həm də ikitərəfli siyasi-hüquqi öhdəlik statusu qazandırıb. Lakin 2025-ci ilin fevralından iki ölkənin müvafiq dövlət komissiyaları arasında birbaşa təmasların qurulmasına baxmayaraq Ermənistan tərəfinin 204 dəfn yerinin koordinatlarını təqdim etmək və konkret şahid ifadələrini yoxlamaqla bağlı verdiyi vədlərin kağız üzərində qalması beynəlxalq hüquq normalarının və əldə olunmuş ilkin razılaşmaların faktiki sabotajı kimi qiymətləndirilməlidir".
Deputat qeyd edib ki, məsələnin ən kəskin hüquqi və mənəvi aspektlərindən biri Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı əsirin taleyi ilə bağlıdır. Münaqişə zamanı beynəlxalq təşkilatın nümayəndələri tərəfindən saxlanma yerlərində canlı olaraq qeydə alınmış şəxslərin sonradan müəmmalı şəraitdə həyatını itirməsi və onlardan 33 nəfərin nəşinin bu günədək ailələrinə təhvil verilməməsi, dörd nəfərin isə, ümumiyyətlə, izinin itməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının birbaşa sübutudur. Saxlayan dövlətin nəzarəti altında olan əsirlərin həyatı və sağlamlığına görə tam məsuliyyət daşıması beynəlxalq hüququn təməl prinsipidir. Bu faktlar kontekstində Ermənistanın arxiv sənədlərini və dəfn yerlərini gizlətməsi yalnız informasiya ləngiməsi kimi deyil, həm də mümkün müharibə cinayətlərinin, işgəncə və qeyri-insani rəftar hallarının izlərini ört-basdır etmək cəhdi kimi təzahür edir. Məlumdur ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkarlanması və ekshumasiya prosesində mülki şəxslərin, o cümlədən qadın və uşaqların qalıqlarının tapılması Ermənistanın informasiya təqdim etməməsinin real səbəblərini izah edən əsas amillərdəndir. Kütləvi məzarlıqların dəqiq koordinatlarının açıqlanması bu cinayətlərin sistemli xarakter daşıdığını və konkret hərbi-siyasi rəhbərliyin məsuliyyətini beynəlxalq məhkəmə instansiyaları qarşısında daha da möhkəmləndirə bilər. Eyni zamanda keçmiş təmas xətti boyunca və işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların dəqiq xəritələrinin verilməməsi axtarış-ekshumasiya işlərini fiziki cəhətdən iflic edərək itkinlərin taleyinin müəyyənləşdirilməsini süni şəkildə ləngidir. Beləliklə, mina terroru ilə itkinlər probleminin süni şəkildə uzadılması bir-birini tamamlayan vahid siyasi-hərbi taktika kimi çıxış edir.
Bütün bu reallıqlar fonunda İrəvanda beynəlxalq konfransın təşkili rəsmi Ermənistanın klassik "humanitar diplomatiya" və informasiya manipulyasiyası strategiyasının tərkib hissəsidir. Görünən odur ki, beynəlxalq ekspertlərin və xarici diplomatların iştirakı ilə keçirilən bu cür platformalar vasitəsilə İrəvan özünü regional humanitar təşəbbüslərin lideri, sülh və etimad quruculuğunun tərəfdarı kimi təqdim etməyə çalışır. Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Bakının tələb etdiyi konkret, ölçülə bilən və hüquqi məsuliyyət yaradan öhdəliklərdən - yəni 204 dəfn yerinin koordinatlarının və arxiv məlumatlarının verilməsindən - yayındırmaq, məsələni ümumi və abstrakt "qarşılıqlı dialoq" müstəvisinə keçirməkdir.
Siyasi-hüquqi təhlil göstərir ki, İrəvan konfransı praktiki nəticələrə deyil, məhz beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş imic korreksiyasına hesablanıb. Həqiqi humanitar iradə beynəlxalq tribunalardan səsləndirilən ümumi çağırışlarla deyil, iki ölkənin dövlət komissiyaları çərçivəsində konkret xəritələrin, arxiv sənədlərinin və məzarlıq koordinatlarının təhvil verilməsi ilə ölçülür. İcra edilməmiş vədlər fonunda keçirilən hər hansı beynəlxalq tədbir sülh prosesinə real töhfə vermək əvəzinə, yalnız məsuliyyətdən yayınmaq və zaman qazanmaq niyyətinə xidmət edir. Regionda dayanıqlı etimadın bərqərar olması üçün Ermənistan deklarativ humanitar şoulardan imtina etməli, 4010 ailənin həqiqəti bilmək hüququna hörmət edərək üzərinə götürdüyü konkret öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)