Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Baku Electronics" mağazalar şəbəkəsindən alınan ütü ilə bağlı narazılıq sosial şəbəkədə gündəm olub.
Redaktor.az xəbər verir ki, bununla bağlı vətəndaş sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, 2026-cı ilin may ayında "Baku Electronics"dən 400 manatlıq ütü alıb və məhsula görə əlavə 50 manat ödəyərək zəmanət götürüb:
"400 manatlıq məhsuldan gözləntim çox sadə idi: ən azı öz funksiyasını normal yerinə yetirsin. Amma məhsul paltarların qırışlarını düzgün açmır, istifadə zamanı ərp tökür və paltarları korlayır. Şikayət etdim, məni servisə göndərdilər. Servisə getdim, mənə “problem yoxdur” dedilər. Dedim, problem yoxdursa, gəlin özünüz yoxlayın. Köynək verdim və ütüləmələrini istədim. Nəticədə ütü köynəyin qırışlarını normal açmadı və üstəlik yenə ərp parçanın üzərinə töküldü".
Şikayətçi hadisəni video ilə də qeydə aldığını və servis əməkdaşlarının da problemi gördüyünü bildirib:
"Bundan sonra artıq problemi qəbul etdilər və məndən ərizə yazmağımı istədilər. Ərizədə bütün problemləri qeyd etdim və açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim. Təxminən 1 ay gözlədim, xəbər yoxdur. 12 avqustda yenidən mağazaya getdim. Yenə ərizə yazdırdılar. Bu gün 30 avqustdur. Hələ də nəticə yoxdur".
Vətəndaş məsələnin bu qədər uzadılmasından narazılığını ifadə edib:
"400 manatlıq məhsul alıb, üstəlik 50 manat əlavə zəmanət pulu ödəyən müştəri öz probleminin həlli üçün neçə ay gözləməlidir? Müştərini mağazadan servisə, servisdən mağazaya göndərməklə məsələ həll olunmur. Əgər məhsul həqiqətən problemsizdirsə, bunu rəsmi şəkildə sübut edin. Əgər məhsulda problem varsa, onda müştərinin müraciətinə normal münasibət göstərin və problemini həll edin. Mən aylardır pulunu ödədiyim, amma normal istifadə edə bilmədiyim məhsulla bağlı vaxt itirmək və qapı-qapı gəzmək məcburiyyətində deyiləm".
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NURİYYƏ