Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Demək olar ki, hər bir qadın gəncliyini və gözəlliyini qorumağa çalışır. Xüsusilə 50 yaşdan sonra bu məsələ daha da аktuallaşır. Mütəxəssislərin fikrincə, cavan görünməyin yolu təkcə kosmetoloji prosedurlardan keçmir - düzgün geyim tərzi də bu məsələdə mühüm rol oynayır.
"Unikal" 50 yaşdan sonra eleqant görünməyin sirlərini sizinlər bölüşür:
Stilistlərin sözlərinə görə, bu yaş dövründə qadınlar tez-tez iki əsas səhvə yol verirlər: ya öz gözəlliklərini ruhsuz geyimlərin altında gizlədirlər, ya da yaşlarına uyğun olmayan paltarlar seçərək obrazı uyğunsuz hala salırlar.
Bu səbəbdən hansı geyimlərdən uzaq durmaq, hansılara üstünlük vermək lazım olduğunu bilmək vacibdir.
Sərbəst biçimli geyimlər
Dar paltarlar 50 yaşdan sonra fiquru daha yığcam göstərmir. Əksinə, bədən quruluşundakı xırda nüansları qabardır. Stilistlər məsləhət görür ki, geyim dərini sıxmamalı, silueti düzgün formalaşdırmalıdır. Sərbəst biçim həm rahatlıq, həm də eleqant görünüş yaradır.
Cins şalvar seçimi
Skinny və cırıq modellərdən uzaq durmaq tövsiyə olunur. Ən ideal seçim - orta bel, klassik, düz kəsimli cinslərdir. Onları sadə köynəklər, rahat kəsimli köynəklər və ya təbii parçalardan olan bluzlarla kombin etmək olar. Parlaq detal üçün qırmızı ayaqqabı və ya al qırmızı dodaq boyası kifayətdir.
Əsas geyimlər
Mütəxəssislər bildirir ki, qara, ağ, boz və bej rənglər 50 yaşdan sonra daha gənc və zərif görünməyə kömək edir. Bu rənglər istənilən obraz üçün baza rolunu oynayır. Qarderobda bir neçə sadə futbolka, qara şalvar və bej palto və ya trençkot olması belə qısa zamanda zövqlü görünüş yaratmağa imkan verir.
Köynəyin içəri salınması
50 yaşdan sonra köynəyi tamamilə çöldə geyinmək əvəzinə, asimmetrik şəkildə qismən içəri salmaq daha məqsədəuyğundur. Bu üsul həm obrazı daha maraqlı edir, həm də beli vizual olaraq incə göstərir.
Düzgün uzunluq seçimi
Yaxşı fiquru olan qadınlar qısa geyimlər geyinə bilsələr də, eleqant stil üçün midi və maksi uzunluqlar daha uyğundur. Ekstremal mini modellərdən uzaq durmaq tövsiyə edilir.
Bunun fonunda stilistlər qadınlara qarderoblarını vaxtaşırı yeniləməyi tövsiyə edir. 2000-ci illərdən qalan, artıq dəbdən düşmüş geyimlər emosional dəyər daşısa da, yeni və aktual obrazlara yer açmaq üçün onlarla vidalaşmaq lazımdır.
Gülayə Mecid