525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi şuranın 2025-ci ildə ilk iclası keçirilib.
Universitetdən 525.az-a bildirilib ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.
İclasda universitetin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatlar təqdim edilib və 2025-ci il üçün müəyyən edilən strateji hədəflər müzakirə olunub.
İlk olaraq professor Gülçöhrə Məmmədova “AzMİU rektorluğunun 2024-cü ildə gördüyü işlər” haqqında geniş hesabatla çıxış edib.
Hesabatda universitetin struktur bölmələrinin, fakültə və kafedralarının fəaliyyəti, elmi tədqiqatların nəticələri, tədris prosesindəki inkişaflar və maddi-texniki bazanın müasirləşdirilməsi ilə bağlı görülən işlər ətraflı şəkildə nəzərdən keçirilib.
Rektor qeyd edib ki, 2024-cü il universitetin inkişafında mühüm irəliləyişlərə səbəb olub və bu istiqamətdə atılan addımlar AzMİU-nun gələcək strateji hədəflərinin reallaşmasına töhfə verəcək.
Professor Gülçöhrə Məmmədova çıxışında universitetin strateji hədəflərini diqqətə çatdıraraq beynəlxalq reytinqlərdə irəliləmə, tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi, tələbə sayının daha da artırılması, istehsalatla əlaqələrin genişləndirilməsi istiqamətlərində atılacaq addımları vurğulayıb.