525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaqani CƏFƏRLİBöyük Britaniyanın Baş naziri Kir Starmerin yanvarın 16-da Kiyevə qəfil səfəri edərək Ukrayna prezidenti Volodimir Zelenski ilə iki ölkə arasında dövlətlərarası münasibətlərin bütün sahələrini və 100 illik bir müddəti əhatə edəcək müqavilə imzalaması böyük tarixi hadisədir.
Gələcək tarixçilərin bu hadisəni postsovet coğrafiyasının taleyində dönüş nöqtəsi kimi qeyd edəcəklərini ehtimal etmək çətin deyil.
Öncə qeyd etmək lazımdır ki, bu müqavilə Böyük Britaniya ilə Ukrayna arasında ittifaqı rəsmiləşdirdi.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma başladığı, əksər dövlətlərin Kiyevi təslimçiliyə vadar etməyə çalışdığı günlərdə Böyük Britaniya Ukraynanın müdafiəsinə qalxaraq Kiyevin kapitulyasiya sənədini imzalamasının qarşısnı almışdı.
Həmin zamandan da Britaniya ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri yaranıb.
Müharibə başlayandan Ukraynaya birmənalı dəstək verən Britaniya Kiyevə 12.8 milyard funt-sterlinqlik hərbi və mülki yardım verib, eləcə də on minlərlə ukraynalı əsgərə hərbi təlim keçib.
Yanvarın 16-da Birləşmiş Krallıq və Ukrayna arasında imzalanmış sazişin ilk maddəsi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi, müdafiə-sənaye imkanlarını gücləndirməyi, müdafiə təyinatlı məmulatların birgə istehsalı üçün texnologiyaların mübadiləsini əhatə edir.