525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AMEA Naxçıvan Bölməsində AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyi çərçivəsində çap olunmuş “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabının təqdimatı keçirilib.
525.az xəbər verir ki, tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimi giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev açıb.
Professor çıxışı zamanı akademik İsmayıl Hacıyevin elmi yaradıcılığında Naxçıvanın muxtariyyəti məsələsinin yerindən, alimin uzunmüddətli və sistemli araşdırmalar nəticəsində aşkara çıxardığı faktlardan söz açıb.
Vurğulanıb ki, həmin məhsuldar, əsaslı tədqiqatlar sanballı kitab və monoqrafiyalarda əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladan alim bildirib ki, rəhbərlik etdiyi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının Sərəncama uyğun olaraq bir sıra əsəri çap olunmuşdur.
Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasının və “Möhtəşəm minilliklərin şanlı 100 ili” kitabı da həmin əsərlərdəndir.
Sözügedən əsərlərdə bu gün 101 yaşına hazırlaşan muxtar respublikanın keçdiyi tarixi inkişaf yolu daha geniş öyrənilmiş, elmi-monoqrafik tədqiqatların əhatə dairəsi genişləndirilmişdir.