Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Müsahibimiz Nurlan Rüstəmov Pantomim Teatrının aktyorudur.
O, "Uzaq", "Körpü", "Bir ailəm var", "Ağarmayan saçlar", "Cehizsiz gəlinlər" və "Qapı" kimi film və seriallarda rol alıb.
Nurlan Rüstəmov Fəxri Mədəniyyət İşçisi və Prezident Mükafatçısıdır. Aktyor Nurlan Rüstəmovla söhbəti oxuculara təqdim edirik.
- Nurlan bəy, Pantomim Teatrına gəlişinizi necə xatırlayırsınız? - Artıq 17 ildir Pantomim Teatrındayam.
Buraya təzə gələndə hiss edirdim ki, hərəkətlə tamaşaçını ələ ala bilirəm, hərəkətlə hər hansı düşündüyüm fikri, yeni bir ideyanı, mövzunu daha yaxşı çatdıra bilirəm.
Bu səbəblərdən Pantomim Teatrına çox böyük həvəsim yaranmışdı. Bu teatr bir növ məni ovsunladı.
Televiziyada bir neçə tamaşasına baxmışdım, sonra universitetə hazırlaşan ərəfədə məni "Kölgə" tamaşasına baxmağa apardılar.
Onda Pantomim Teatrı Gənc Tamaşaçılar Teatrının binasında yerləşirdi. Təsəvvür edin, həmin tamaşa mənim üçün möhür rolunu oynadı.