525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1918-1920-ci illərdə Naxçıvanın olduqca çətin vaxtlarında onun uğrunda diplomatik sahədə mübarizə aparanlardan biri də Məhəmməd xan Təkinskidir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox ictimai və dövlət xadimləri kimi, Məhəmməd xanın da fəaliyyətini əks etdirən sənədlər kitablarda çap edilməyə başladı.
Tədqiqatçı alimlərdən A.Hacıyevin, F.Nağdəliyevin, İ.Hacıyevin, E.Kəlbizadənin və digərlərinin yazdıqları kitablarda onunla bağlı məlumatlar vardır.
Amma aparılan araşdırmalar göstərir ki, bu məşhur diplomat haqqında bilmədiklərimiz daha çoxdur.
Bu qorxmaz, vətənpərvər diplomatın - Azərbaycan Demokratik Respublikasının Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Naxçıvanın həmin illərdə müdafiəsi üçün gördüyü işlər yüksək təqdirəlayiqdir.
Tarix elmləri doktoru, arxivşünas A.Paşayev "Məhəmməd xan Təkinski kimdir?" məqaləsində onun təhsil illərindən və Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyətindən söhbət açıb.
O, Odessa arxivində axtarışlar aparmış və maraqlı faktlar üzə çıxarmışdı.