Icma.az
close
up
RU
525ci qəzet Məhəmməd xan Təkinski haqqında yeni arxiv məlumatları

525ci qəzet Məhəmməd xan Təkinski haqqında yeni arxiv məlumatları

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1918-1920-ci illərdə Naxçıvanın olduqca çətin vaxtlarında onun uğrunda diplomatik sahədə mübarizə aparanlardan biri də Məhəmməd xan Təkinskidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox ictimai və dövlət xadimləri kimi, Məhəmməd xanın da fəaliyyətini əks etdirən sənədlər kitablarda çap edilməyə başladı. Tədqiqatçı alimlərdən A.Hacıyevin, F.Nağdəliyevin, İ.Hacıyevin, E.Kəlbizadənin və digərlərinin yazdıqları kitablarda onunla bağlı məlumatlar vardır. Amma aparılan araşdırmalar göstərir ki, bu məşhur diplomat haqqında bilmədiklərimiz daha çoxdur.

Bu qorxmaz, vətənpərvər diplomatın - Azərbaycan Demokratik Respublikasının Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Naxçıvanın həmin illərdə müdafiəsi üçün gördüyü işlər yüksək təqdirəlayiqdir.

Tarix elmləri doktoru, arxivşünas A.Paşayev "Məhəmməd xan Təkinski kimdir?" məqaləsində onun təhsil illərindən və Azərbaycan Xalq Cümhuriyyətindəki fəaliyyətindən söhbət açıb. O, Odessa arxivində axtarışlar aparmış və maraqlı faktlar üzə çıxarmışdı.

2004-cü ildə Moskvada Rusiya Dövlət Hərbi Tarix Arxivində və Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində elmi axtarışlar apararkən Təkinskinin kim olduğunu ətraflı aydınlaşdırdıq. Əvvəlcə onu deyim ki, 2009-cu ildə "Şərq qapısı" qəzetində M.Təkinskinin həyatından və fəaliyyətindən bəhs edən yazım dərc olunub. Sonralar bu istiqamətdə axtarışlarımı davam etdirmişəm.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən tapılmış sənədlər bir çox məsələlərə və yanlışlıqlara aydınlıq gətirir. Burada orijinal və vacib sənədlərdən biri Məhəmməd xan Təkinskinin doğum şəhadətnaməsidir. Şəhadətnamə 1901-ci ildə Gürcüstanın Suram qalası yaxınlığındakı hərbi düşərgədə yazılıb. Verilmə tarixi 24 iyul 1901-ci ildir. Qeyd edək ki, həmin vaxt Təkinski Tiflisdəki 1-ci kişi gimnaziyasını bitirmişdi. Yəqin ki, onun ali təhsil alması üçün belə bir şəhadətnamə lazım olub. Şəhadətnamədə yazılıb: "Axaltəkə yürüşündə iştirak edən zabitlər təsdiqləyirlər ki, 12 yanvar 1881-ci ildə general-adyutant Skoblevin komandirlik etdiyi qoşunlar Axaltəkədəki Göytəpə qalasına hücum etdilər. Həmin vaxt Məhəmməd xan Təkinskinin təxminən 1 yaşı olardı. Bu hücumda Məhəmməd dinindən olan Təkinski valideynlərini itirmişdi. Podpolkovnik Xan Naxçıvanski onu oğulluğa götürdü. Həmin vaxt Xan Naxçıvanski 81-ci piyada Abşeron polkunun 4-cü batalyonunun komandri idi. Şəhadətnaməni 5-ci Qafqaz Atıcı batalyonunun komandiri və 4 hərbçi imzalamışlar. Bu sənədə görə Məhəmməd xan 1881-ci ildə Göytəpədə doğulub.

Sankt-Peterburqdakı arxiv sənədindən aydın olur ki, Məhəmməd xan Təkinski Naxçıvanskilərin oğulluğudur. Naxçıvanlı Rəhim xan və qardaşı Cəfərqulu xan onu böyüdüb. Ona görə də bir sıra arxiv sənədlərində Rəhim xan, bəzilərində isə Cəfərqulu xan qəyyum kimi yazılıb. Bu, təbiidir. Çünki onlar həyatdan nakam getmiş qardaşları Ehsan xanı çox sevirdilər. Məhəmməd xan hər iki qardaşın əziz xələfi sayılırdı. Tiflisdə zadəgan balalarına məxsus gimnaziyada oxudub.

Bəs Məhəmməd xan bu ailəyə necə gəlib çıxıb? Yəqin ki, bu, hamımızın marağında olar. Rusiya imperiyası ordusu Orta Asiyanı işğal edərkən türkmənlərin sıx yaşadıqları Axaltəkə vadisində güclü müqavimətə rast gəldilər. Türkmən xanlarının dinc əhalini başlarına yığaraq müdafiə etdikləri Göytəpə qalasını rus qoşunları ala bilmirdilər. Ona görə də Abşeron polkunu qala üzərinə hücuma göndərdilər. Sonralar bu döyüşdə olan II Ehsan xan (Cəfərqulu xanın qardaşı) orada Rusiya qoşunlarının amansızlığından qardaşı Rəhim xana danışırmış. 12 yanvar 1881-ci ildə Göytəpəyə hücum zamanı qalada sahibsiz qalan yüzlərlə körpə uşağa ürəyi yanan zabitlər qərara gəlirlər ki, hərəsi bunlardan birini övladlığa götürsün. II Ehsan xan həmin qalanın həlak olmuş xanının balaca oğlunu oğulluğa götürür. Ona Məhəmməd adını verir. Həmin gün başından ciddi zədə alan II Ehsan xan bu uşağın cəbhə səngərlərində məhv olmasına imkan vermir. Özü ilə Tiflisə, oradan isə Naxçıvana gətirir. General-mayor II Kalbalı xan Naxçıvanskinin övladları-qızları, oğlanları bu balaca oğlana çox qayğıyla yanaşırlar. Məhəmməd xan Cəfərqulu xanın, Rəhim xanın və Hüseyn xan Naxçıvanskilərin sevimlisinə çevrilir.  

Onlar Göytəpədə kontuziya alıb 1894-cü ildə cavankən həyatdan köçən qardaşları II Ehsan xanın oğulluğunu öz oğlanlarından seçmirlər. Naxçıvanda Rəhim xanın ailəsində yaşayan Məhəmməd xanı sonralar Rəhim xan Tiflisdə zadəgan balalarına məxsus gimnaziyada oxudur. Yeri gəlmişkən, Məhəmməd xanın anadan olma ilini dəqiqləşdirmək üçün təkrar araşdırma apardıq. Çünki onun gimnaziya müəllimi və sinif rəhbəri Avilovun yazdığı xasiyyətnamədə deyilir ki, Məhəmməd xan doğmalarının öldürüldüyü günü, baş verənləri yaxşı xatırlayırmış. Buradan görünür ki, Ehsan xanın döyüş dostlarının təxminən yazdıqları doğum tarixi dəqiq deyil. Həmin vaxt Məhəmməd xan 1 yox, 2 yaşında imiş. Cəfərqulu xan da həmin döyüşdə olduğundan, onu Tiflisə oxumağa aparanda doğum tarixini 1879-cu il yazdırmışdı. Araşdırmalar da sübuta yetirir ki, Məhəmməd xan Təkinski 1879-cu ildə doğulmuşdu. O, 11 yaşında Tiflisdə zadəgan uşaqlarına məxsus 1-ci Kişi gimnaziyasına qəbul olunub. 1901-ci ildə oranı bitirib, Novorossiysk Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Lakin 1903-cü il avqustun 20-də öz xahişi ilə hüquq fakültəsinin 1-ci kursuna dəyişilib. Hadisələr elə gətirib ki, Məhəmməd xan üzvlük haqqını gecikdirib. Onu universitetdən xaric ediblər. Amma iradəli Məhəmməd xan təkrarən həmin universitetin hüquq fakültəsinə qəbul edilib və universiteti əla qiymətlərlə bitirib. Məhəmməd xan Rusiyada, Şimali Qafqazda mülki işlərdə və orduda işləmişdi. Yəqin ki, orduda hüquqşünas kimi çalışıb. Bu yöndə də axtarışlarımız var. Arada olan illərdə onun haqqında geniş məlumatlar tapa bilməsək də, Məhəmməd xanın 1918-ci ildə Naxçıvanskilərlə birlikdə Gəncəyə qayıtması haqda dəqiq məlumat var. 2001-ci ildə Moskvada nəşr olunan bir kitabda bu haqda yazılıb. 1918-ci ilin martında general-mayor Feyzulla Mirzə Qacarın rəhbərliyi ilə Kərim xan İrəvanski, Rəhim xanın oğlu İskəndər xan, Məhəmməd xan Təkinski Şimali Qafqazdan Gəncəyə gələ biliblər. Dağıstanda Bejiti aulu (kəndi) var. Mart ayında o qarlı aşırımı cəsurluqla keçiblər. Özü də yolkəsən quldurlarla döyüşə-döyüşə. Feyzulla Mirzə Qacar Rəhim xanın kürəkəni idi. Naxçıvanı ermənilərin işğalına verməmək üçün Naxçıvanskilər və onların hərbçi qohumları qəhrəmancasına döyüşən Naxçıvan şəhərinə çatmağa tələsiblər.

Məhəmməd xan Təkinski AXC-nin xarici işlər naziri vəzifəsini müvəqqəti olaraq bir müddət yerinə yetirib. Bir az irəliyə getsək, o, 1919-cu il yanvarın 29-da İrəvanda Azərbaycanın nümayəndəsi təyin edilir və İskəndər xanı özünə köməkçi götürür. 1919-cu ildə Naxçıvana hücum edən ermənilərin havadarları olan amerikan və ingilislər vəziyyəti daha da müşkül etmişdilər. Hətta onlar çalışırdılar ki, naxçıvanlı hərbçilər arasında nifaq yaransın və özləri məcbur qalıb Naxçıvandan çıxıb getsinlər. Onların bu hiylələrini başa düşən Naxçıvanskilər Təkinskiyə çox bel bağlayırdılar. 1919-cu il mayın 16-da Azərbaycanın Irəvandakı nümayəndəsi Təkinski Bakıya xəbər verirdi: "İngilislərin əmri ilə bizim zabitlər Naxçıvanı tərk etdilər". Burada söhbət Bakıdan köməyə gələn zabitlərdən gedir. Araz-Türk Respublikası zorla ləğv edildikdən sonra bölgədə vəziyyət lap çətinləşmişdi. Çünki Araz-Türk Cümhuriyyətinin ərazisinə daxil olan Sürməli qəzası, Üçmüəzzin qəzasının bir hissəsi, Sərdarabad bölgəsi, İrəvan qəzasının bölgələri - Uluxanlı, Qəmərli, Vedibasar, Şərur-Dərələyəz qəzası, Naxçıvan və Ordubad qəzaları, həmçinin Mehri bölgəsi erməni daşnakları ilə döyüşürdü. Cümhuriyyət ləğv edildikdən sonra erməni daşnakları həmin bu ərazilərdə ağlasığmaz vəhşiliklər törədirdilər. 1919-cu il mayın 3-də Təkinski Ermənistan xarici işlər nazirinə bəyanat təqdim etdi ki, bu bəyanatda erməni qoşunlarının "Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana" göndərilməsinə qarşı etiraz ifadə edilirdi. Məhəmməd xan Təkinskinin çox çevik diplomatik fəaliyyəti erməniləri acıqlandırırdı. Onlar ADR rəhbərliyindən xahiş edirdilər ki, onu nümayəndəlikdən uzaqlaşdırsınlar. Erməniləri hiddətləndirən Naxçıvanı işğal edə bilməmələri, həm də Təkinskinin Naxçıvanskilərin övladlarından olması idi. Bütün baş verənlərə isə İrəvandakı nümayəndə Məhəmməd xan Təkinski fəal diplomatik müdaxilə edirdi. Məhəmməd xan Təkinski 1919-cu ilin ortalarında ADR-in İrəvandakı Azərbaycan nümayəndəliyindən geri çağırılır. 1919-cu il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nazirinin müavini təyin edilir. O, Bakıda yaşasa da, vətəni Naxçıvanı unutmadı. 1920-ci il aprelin 28-nə kimi doğmaları ilə əlaqə saxladı...

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivindən tapılmış sənədlər içərisində 21 iyun 1920-ci ildə yazılmış bir qəbzə rast gəldik. Qəbzi xüsusi tapşırıqlar üzrə məsul şəxs imzalayıb. 807 nömrəli qəbzdə yazılıb: Vətəndaş Məmməd Təkinskidən bir ədəd naqan (5635 nömrəli), 3 ədəd patron alınmışdır. Bu məlumatlar Bakı şəhərinin və ətraf rayonların Qarnizon İdarə rəisi tərəfindən verilib. Digər bir yeni sənəd isə Məhəmməd xan Təkinskiyə aid 2137 nömrəli həbs vərəqidir. 4 oktyabr 1920-ci ildə yazılıb. O, 30 oktyabr 1920-ci ildə XI Qızıl Ordunun İnqilabi Şurası yanında xüsusi şöbə tərəfindən həbs olunub. Buradakı qərarda yazılıb: 30 dekabr 1920-ci il. Qızıl Ordunun Xüsusi şöbəsinin hərbi müstəntiqi Flyanqolç keçmiş Müsavat Azərbaycanı hökumətində Xarici İşlər Nazirliyində işləyən, əksinqilabçılıqda günahlandırılan Məhəmməd xan Təkinskiyə aid qovluqdakı işlərə baxarkən aşkar etdi ki, Təkinski gizli əks-inqilabi fəaliyyət göstərən "İttihad" partiyasının fəal üzvlərindəndir. Məqsədləri Sovet Azərbaycanını yıxmaqdır. Onu həbs edərkən sahildə yerləşən artilleriyasının planı tapılmışdır. Bu əsas verir ki, o gizli danışıqların iştirakçısıdır. O isə bunu inkar edir. Azərbaycanda Təkinskinin azadlıqda qalması inqilab üçün təhlükəlidir. Yuxarıda deyilənləri və onun Müsavat hökumətinin üzvü olduğunu nəzərə alaraq qərar veririk: Məhəmməd xan Təkinski Arxangelsk vilayətinin Xolmoqorov şəhərinə sürgün edilsin. İş bağlansın və arxivə təhvil verilsin.

Sözügedən arxivdə saxlanılan işdə Məhəmməd xan Təkinskinin neçə il müddətinə sürgünə göndərilməsi, şəxsi sənədləri, fotoşəkli və sonrakı taleyi barədə məlumat qeydə alınmayıb. Amma tədqiqatçıların əksəriyyəti 1926-cı ildən onun Bakıda və Astarada işləməsi və 1938-ci ildə güllələnməsi haqda yazırlar.

Çox təəssüflər olsun ki, Məhəmməd xan Təkinskinin adı heç yerdə əbədiləşdirilməyib. Halbuki adının əbədiləşdirilməsi vacibdir. Axı o, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün canını qurban verib.

Musa RƏHİMOĞLU-QULİYEV AMEA Naxçıvan Bölməsinin Tarix,

Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri