Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində azı 38 nəfər ölüb, 11 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, polis məmuru Kaleem Şah bildirib ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara atəş açıb.
Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.
Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Pakistanın daxili işlər naziri Muhsin Naqvi də hücumda ən azı 38 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.
Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.
Hayber Paxtunxva Administrasiyasının sözçüsü Məhəmməd Əli Seyf bildirib ki, karvanda təxminən 200 avtomobil olub və hücum edənlər əvvəlcə polisə atəş açıblar.