Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təəssüflər olsun ki, Avropa və digər ölkələr, Azərbaycana bu sahədə nə maddi yardım ayırır nə də minatəmizləmə prosesinə dəstək üçün mütəxəssis göndərir
44 günlük müharibədə düşməni doğma yurdumuzdan qovsaq da, onların tör-töküntüləri ilə mübarizə aparmağa məcbur qalmışıq. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün "X" hesabında 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışlarından 427 nəfərin zərər çəkdiyini, onlardan 73-nün həlak olduğunu açıqlayıb.
1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Mina partlayışı dedikdə ağıla ilk gələn ağrılı hadisələrdən biri də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun ermənilərin vandal əməllərinin qurbanı olmasıdır. Düşmənin torpaqlarımıza səpdiyi ölüm toxumlarının sayı-hesabı bilinmir. Məhz buna görə işğaldan azad edilmiş ərazilərə geri dönən xalqımızın taleyi hər kəsi narahat edir.
Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl Sherg.az-a bildirib ki, vətəndaşlarımız minatəmizləmə işləri başa çatdırılmış ərazilərə köçürülür:
“Ermənilər torpaqlarımıza milyonlarla mina basdırıblar. Ərazilər çox geniş olduğu üçün minaların tam təmizlənməsi uzun vaxt aparacaq. İşğaldan azad olunmuş bölgələrin hər birində mina təhlükəsi qalmaqdadır. Dövlətimiz dəfələrlə Ermənistandan dəqiq mina xəritələrinin verilməsini tələb edib. Onlar əllərində olan bütün xəritələri, Azərbaycana verdiklərini bildirirlər. Bəlkə də həqiqəti deyirlər. Çünki həmin xəritələrdə əks olunmayan ərazilərdə də minalar yerləşdirilib”.
Ekspertin sözlərinə görə, 44 günlük müharibədən sonra kəşfiyyata çıxan erməni hərbçiləri, minaları ağlasığmaz yerlərə, qəbirstanlığa belə basdırıblar:
“Müharibədən 6 il keçməsinə baxmayaraq, hələ də bəzi ərazilərdə mina partlayışlarının şahidi oluruq. Əhalinin təhlükəsizliyini təmin etmək üçün minaların mövcud olduğu ərazilərdə təhlükəyə aid nişanlar qoyulmalı və hasar çəkilməlidir. Təəssüflər olsun ki, Avropa və digər ölkələr, Azərbaycana bu sahədə nə maddi yardım ayırır nə də minatəmizləmə prosesinə dəstək üçün mütəxəssis göndərir. Məhz buna görə, təmizləmə işləri hələ uzun çəkəcək”.