Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin müddətinin uzadılmasının özü-özlüyündə müsbət bir hadisədir:
"Amma mənə elə gəlir ki, ümumiyyətlə, bu düzəlişin ləğv olunması zərurəti var. Çünki onsuz da əvvəldən 907-ci düzəliş haqsız və qeyri-obyektiv idi. 907-ci düzəlişin Azadlığı Müdafiə Aktına əlavə edilməsinin səbəbi o idi ki, guya ki, Azərbaycanda ermənilərin hüquqları sıxışdırılır, məhdudlaşdırılır. Ona görə də demokratiya məhdudlaşdırılmış hesab olunur və ona görə də Amerika Birləşmiş Ştatları Azərbaycana yardım etmir və etməyəcəkdir. Amma bu gün artıq 907-ci düzəlişi şərtləndirən, dırnaqarası, o səbəb yoxdur. Çünki Azərbaycanda artıq erməni yoxdur. Ermənilər könüllü şəkildə Azərbaycanı tərk ediblər, Azərbaycan vətəndaşlığından imtina ediblər. Belə olan halda predmeti olmayan bir düzəlişin vaxtının uzadılması o qədər də doğru deyil. Bu, ümumiyyətlə, ləğv olunmalıdır".
Millət vəkili vurğuladı ki, vaxtilə yenə Azərbaycanda olan dırnaqarası Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı, onun həmsədrliyi institutu təsis edilmişdi:
"Problem bitdikdən sonra ATƏT-in Minsk qrupu ləğv edildi və həmsədrlik institutu ləğv edildi. Məncə, bu, yaxşı nümunədir. Ən nəhayət, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında 6 ay bundan əvvəl Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. 907-ci düzəliş bu xartiyanın ruhu ilə də uyğun deyil. Ona görə məncə, əlbəttə ki, özlüyündə müddətin uzadılması yaxşıdır, amma ən qısa zamanda bu düzəliş ümumiyyətlə ləğv olunmalıdır".
Aytəkin TOFİQQIZI