Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sentyabrın 5-də Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında reallaşan tədbir çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub, sənətkarlar tərəfindən ustad dərslər nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük İpək Yolunun üzərində yerləşən və bu il 2713 illiyini qeyd edən bu qədim şəhərin gözəl təbiəti, tarixi memarlıq abidələri, nadir sənətkarlıq növləri ilə seçildiyini bildirib.
Qeyd olunub ki, Şəki şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin, demək olar ki, hamısı bu günədək yaşayır.
Şəbəkə, misgərlik, qalayçılıq, zərgərlik, dulusçuluq, papaqçılıq, təkəlduz və digər qədim istehsal sahələri Şəki sənətkarlıq məktəbinin başlıca sütunlarını təşkil edir.
İpəkçilik bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında mühüm yer tutub.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.