Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonunun Abdal-Gülablı obasında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi Zəfər sevinci, doğma yurda bağlılıq və qəhrəmanlara ehtiram nümunəsidir.
Qarabağ Zəfərinin 6-cı ildönümü günlərində Abdal-Gülablı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan “Böyük gün” adlı məclisdə şəhid ailələri, qazilər, kənd sakinləri və qonaqlar iştirak ediblər.
Abidə önünə toplaşan şəhid ailələrindən Lumunə Abbasova, Almara Nəbiyeva, İlham Xammədov, Həbib Quliyev, Vəfa İbrahimova və Gülbəniz Abbasovanı ortaq xatirələr, itkilərin ağrısı və qazanılmış Zəfərin qüruru birləşdirib. Şəhidlərin adlarının əbədiləşdiyi bu məkanda onların ömür yoluna, ailələrinin yaşadığı həsrətə və xalqımızın yaddaşında tutduqları yerə nəzər salınıb. Hər adın arxasında bir insan taleyinin, yarımçıq qalmış arzuların və doğmalarının qəlbində yaşayan xatirələrin dayandığı vurğulanıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kompleksin önünə əklil və gül dəstələri qoyulub, qəhrəmanların xatirəsi ehtiramla anılıb. Şəhid ailələri, qazilər və kənd sakinləri abidəni ziyarət edərək elin Vətən uğrunda həyatından keçmiş övladlarını yad ediblər.
Mərmər lövhələrə həkk olunmuş adlar Abdal-Gülablı kəndinin tarixinin, ailələrin xatirələrinin bir parçasıdır.
Abidənin ərsəyə gəlməsində kənd sakinlərinin, könüllülərin zəhməti və təşəbbüsə dəstək göstərən insanların böyük köməyi olub. Sakinlər şəhidlərin xatirəsinin əbədiləşdirilməsini mənəvi borc biliblər. Bu işdə göstərilən birlik doğma elə bağlılığın konkret əmələ çevrilməsi kimi dəyərləndirilib.
İlham Hüseynov, Şəmsəddin Talıbov, Qəhrəman Hüseynov, Elxan Zeynalov və Aidə İbrahimova çıxış edərək kompleksin yaradılması ideyasından və görülən işlərin mənəvi əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, əsas məqsəd Abdal-Gülablı kəndinin şəhidlərinin xatirəsini yaşatmaq, Vətən uğrunda canından keçmiş insanların adlarını əbədiləşdirmək və gələcək nəsillərə miras qoymaq olub. Bu təşəbbüsün həyata keçirilməsində kənd sakinlərinin birliyini xüsusi qeyd ediblər. Onların sözlərinə görə, könüllülərin zəhməti və dəstək göstərən insanların xeyirxahlığı sayəsində ərsəyə gələn kompleks bütün elin ortaq dəyəridir.
Təşkilatçılardan Nigar Tağıyeva, Natiq Tağıyev, Habil Cəfərov kompleksin yaradılmasında əməyi olan hər kəsə təşəkkür ediblər.
Şəhid ailələrinə göstərilən ehtiram mərasimin əsas mənəvi xəttini təşkil edib. Övladını, həyat yoldaşını, atasını və ya qardaşını itirmiş insanların ağrısının heç bir sözlə tam ifadə olunmayacağı, onların itkisinin yerinin doldurulmayacağı qeyd edilib. Bununla yanaşı, xatirəyə sədaqətin, səmimi diqqətin və qayğının bu ailələrin kədərinə şərik olmağın mühüm yollarından olduğu vurğulanıb.
Abidə kompleksinin açılışı şəhid ailələri üçün doğmalarının adlarının el yaddaşında yaşadılmasının ifadəsidir. Ömürləri yarımçıq qalan insanların xatirəsinin qorunması nəsillər arasında mənəvi bağlılığı da möhkəmləndirir.
Vətənə, şəhidlərə həsr olunan poetik nümunələrdə torpağa bağlılıq, qəhrəmanların unudulmazlığı və doğma yurdun sabahına inam ifadə edilib. “Abdal-Gülablı kəndinə qayıdış” adlı kompozisiyada ağsaqqal, gənc və məktəbli obrazları vasitəsilə keçmişin xatirələri, bugünün məsuliyyəti və gələcəyin arzuları təqdim olunub.
Ağsaqqalın dilindən səslənən fikirlərdə doğma yolların, bulaqların, evlərin yaddaşda qalan izləri və uzun illər yaşanan yurd həsrəti əksini tapıb. Bu xatirələr insanın doğulduğu torpağa bağlılığının zaman keçdikcə itmədiyini, ailələrdə danışılan söhbətlərdə və yaddaşlarda qorunduğunu göstərib.
Gənc obrazı böyüklərindən eşitdiyi xatirələrdə Abdal-Gülablı kəndini tanıyan nəslin düşüncələrini ifadə edib. Onun sözlərində doğma yurdun tarixini öyrənmək, bu tarixi yaşatmaq və kəndin gələcəyinə töhfə vermək istəyi önə çıxıb. Məktəblinin dilindən isə şəhidlərin adlarını öyrənmək, bayrağı sevmək və Vətəni qorumaq arzusu səsləndirilib.
Kompozisiya doğma yurda bağlılığın nəsildən-nəslə necə ötürüldüyünü göstərib. Böyüklərin yaddaşında yaşayan Abdal-Gülablı gənclərin məsuliyyətində və uşaqların gələcəyə dair arzularında davamını tapıb. Bu baxımdan abidə kompleksi gənc nəsil ortaq tarix ətrafında birləşdirən məkan kimi təqdim olunub.
Bədii proqramda muğam müsabiqəsi laureatları, xanəndələr Səriyyə Pirimova, Rəvanə Vəliyeva, Siyavş Səyyafoğlunun ifaları da yer alıb. Musiqi nömrələri mərasimin duyğusal ovqatını tamamlayıb, iştirakçılara həm xatirələrin kövrəkliyini, həm də Zəfərin qürurunu yaşadıb.
Dövlət Bayrağı Gününə həsr olunan hissədə üçrəngli bayrağımızın milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olduğu vurğulanıb. Onun altında birləşən insanların doğma torpağa sevgisi, azad və firavan gələcəyə ümidi ifadə olunub.
Abdal-Gülablı səmasında dalğalanan bayraq həmin gün mərasim iştirakçıları üçün xüsusi məna daşıyıb. Şəhidlərin adlarının həkk olunduğu komplekslə yanaşı ucalan üçrəngli bayraq onların uğrunda mübarizə apardıqları dəyərləri xatırladıb. Bu mənzərə Zəfərin sevincini şəhidlərə minnətdarlıq hissi ilə birləşdirib.
“Böyük gün” mərasimi Abdal-Gülablı sakinlərinin öz keçmişinə sahib çıxmaq və gələcəyini birlikdə düşünmək istəyini nümayiş etdirib. Kompleksin yaradılması üçün göstərilən həmrəylik mərasim boyu səslənən fikirlərdə, şəhid ailələrinə münasibətdə və insanların doğma yurda bağlılığında öz əksini tapıb.
Abdal-Gülablı şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi bundan sonra kəndin qəhrəmanlıq tarixini öyrənmək və Vətən uğrunda həyatını itirən insanları anmaq üçün ziyarət yeri olacaq. İllər sonra bu lövhələr qarşısında dayanan uşaqlar burada yazılan adların kimlərə məxsus olduğunu soruşacaqlar. Onlara danışılan hər bir həyat hekayəsi şəhidlərin xatirəsini yaşadacaq, doğma torpağın tarixini yeni nəsillərin yaddaşına köçürəcək.
Məclisin təşkilatçılarından olan Abdal-Gülablı kənd sakini, şəhid bacısı Nigar Tağıyeva bildirib ki, azad olunmuş doğma kəndlərində belə bir böyük layihəyə imza atmalarından fəxr edirlər:
– İgidlərimizin xatirəsinin əbədiləşdirildiyi bu məkanda doğma kəndimizin sakinləri ilə, şəhid ailələri ilə bir yerdə olmaq fəxarət hissi yaradır. Bizi kəndimizdə bir araya gətirən səbəb təkcə bir abidənin açılışı deyil. Bu gün biz keçmişimizə ehtiramımızı, bu günümüzə minnətdarlığımızı, gələcəyə inamımızı ifadə etmək üçün bir araya gəldik. Bu barədə danışmaq çox ağırdır, ancaq şərəflidir. Bu şərəfi bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, Ali Baş Komandanımız İlham Əliyevə, rəşadətli Ordumuza və dəyərli xalqımıza ürəkdən təşəkkür edirik.
Almara NƏBİYEVA,
Bakı Dövlət Universiteti “Dədə Qorqud” laboratoriyasının müdiri