Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il avqustun 8-9-da ABŞ-a səfəri ölkələrimiz arasında ikitərəfli və bərabərhüquqlu əlaqələrin yeni və strateji mərhələyə qədəm qoyması ilə nəticələndi. ABŞ və Azərbaycan arasında mövcud münasibətlər siyasi, geostrateji və geoiqtisadi baxımdan strateji xarakter daşıyan yeni bir mərhələyə qədəm qoydu. Sülh və regionda sabitlik, Cənubi Qafqazda sülh processi, enerji təhlükəsizliyi və "Yaşıl Enerji" kimi məsələlər, ən əsası isə şəxsi siyasi təmaslar uğurla davam edən münasibətlərin ana xəttini təşkil edir.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə müşayiət olunan, ölkəmizin müstəqil xarici siyasət yürütməsindən əndişələnən Bayden Administrasiyasından fərqli olaraq Donald Tramp ikinci dəfə Prezident seçildikdən sonra ABŞ-nın xarici siyasətində köklü dəyişikliklərə start verdi. Sirr deyil ki, Baydenin prezidentlik dövründə ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolundan xoflanan Administrasiya ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbələr vurması ilə səciyyələnirdi. Otuz ildən artıq bir dövrdə Cənubi Qafqazda sülh və təhlükəsizliyə nail olunmamasının əsas səbəblərindən biri də məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin ikili standartlar nümayiş etdirməsindən qaynaqlanırdı. Azərbaycanla əlaqələrin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürən Prezident Tramp isə ölkəmizlə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirdi. ABŞ prezidenti Donald Trampın Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etməsi bunun əyani göstəricisidir.
Bu isə o anlama gəlir ki, prezidentlik fəaliyyəti dövründə Azərbaycan dövlətinin və xalqının mənafeyini hər şeydən üstün tutan dövlət başçısı İlham Əliyevin düşünülmüş, uzaqgörən və coxşaxəli xarici siyasəti nəticəsində illərdən bəri aysberqə çevrilmiş buzlar əridi, daşlar yerinə oturdu. Bakı ilə Vaşinqton arasında qurulan dinamik dialoq regional təhlükəsizlik, enerji marşrutları və Cənubi Qafqazda sülh gündəliyinin dayaq nöqtəsindən irəliyə aparılması istiqamətində mühüm rol oynadı. Konkret olaraq, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında baza rolunu oynayan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" tərəflərin hüquqi və siyasi öhdəliklərini müəyyən etdi. Etiraf edilməlidir ki, Vaşinqton tərəflər arasında imzalanan "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması Haqqında Saziş" mətni üzrə danışıqların yekunlaşmasında drayver rolunu oynadı. Odur ki, Vaşinqton sammiti çərçivəsində tərəflərin razılaşdırılmış mətni paraflaması prosesə ən böyük töhfələrdən biri kimi dəyərləndirilməlidir. Məhz qalib ölkə olmasına baxmayaraq Azərbaycanın siyasi iradəsi nəticəsində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdilər. Bu fəaliyyət Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan ərazisindən maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.
Göründüyü kimi Moskva və ATƏT-in keçmiş Minsk Qrupu çərçivəsindəki durğunluq fonunda ABŞ tərəflərin birbaşa formatda danışıqlar aparmasını dəstəkləyərək kənar geosiyasi təzyiqləri neytrallaşdırmağa nail oldu. Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması bunun bariz nümunəsidir. ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rolu ənənəvi həmsədrlik modelindən tamamilə fərqlənərək, artıq birbaşa geoiqtisadi və geostrateji təşəbbüslərin dəstəkləndiyi vasitəçilik müstəvisinə keçib. ABŞ Azərbaycanın regional liderliyini və Ermənistanla sülh sazişinin imzalanması, eləcə də delimitasiya prosesində atdığı addımları dəstəkləyir. Vaşinqton platformasında həyata keçirilən diplomatik təşəbbüslər regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edir.
Birgə Bəyannaməyə görə, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətlərini təsdiqləyiblər. Bu təşəbbüs həm Azərbaycanın fasiləsiz nəqliyyat keçidi tələbini ödəyir, həm də ərazinin Ermənistan suverenliyində qalmasını təmin edərək hər iki tərəf üçün qəbul olunan bir balans yaradır. Digər tərəfdən, Vaşinqtonun dəhliz və sülh prosesindəki fəal rolu regionda Rusiyanın hərbi-siyasi inhisarını zəiflətməyə və İranın marşrutlar üzərindəki təzyiq imkanlarını məhdudlaşdırmağa hesablanıb.
ABŞ uzun illərdir Azərbaycanın Cənub Qaz Dəhlizi kimi iri infrastrukturlarla Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. Məhz bu baxımdan, Vaşinqton Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin bağlanmasını və kommunikasiyaların açılmasını dəstəkləyir. Həm də, Çindən Avropaya gedən nəqliyyat marşrutlarının təhlükəsizliyi və səmərəliliyi çərçivəsində Azərbaycanın mərkəzi mövqeyi ABŞ-nin diqqət mərkəzindədir. Mərkəzi Asiya enerjisinin və mallarının Xəzər və Azərbaycan üzərindən Qərbə daşınmasında sabitliyin təmin olunması ABŞ-nin regional maraqlarına tam uyğundur. ABŞ rəhbərliyi və rəsmi nümayəndələrinin Cənubi Qafqaz üzrə təşəbbüsləri həm də iki ölkə arasında strateji dialoqun saxlanılmasına xidmət edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və regional güc kimi rolunun artması isə Vaşinqtonla münasibətlərdə praqmatik tərəfdaşlığa zəmin yaradır. Qətiyyətlə demək olar ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamə tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, regionda kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yekun sülh sazişinin imzalanması istiqamətində mühüm hüquqi və siyasi baza rolunu oynayır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)