Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ-də 20 ildən artıqdır saxlanılan və təhlükəli vəziyyətə düşən 5 ton partlayıcı maddənin məhv edilməsi qərara alınıb. Əməliyyat zamanı zəhərli toz buludunun ətraf ərazilərə yayılması ehtimalı ilə bağlı sakinlərə xəbərdarlıq edilib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ABŞ-nin Ayova ştatında, təxminən 360 nəfərin yaşadığı Middletown qəsəbəsində baş verib. ABŞ ordusu sursat istehsalı müəssisəsində saxlanılan təxminən 5 ton qurğuşun azidini (lead azide) yerində partlatmağa hazırlaşır. Bu maddə detonatorların hazırlanmasında istifadə olunur və olduqca həssas partlayıcı birləşmə hesab edilir.
Məlumata görə, təhlükəli maddə 20 ildən artıq müddətdə xüsusi beton anbarlarda saxlanılıb. Onun sabitliyini qorumaq üçün etanol və su mühitindən istifadə edilib. Lakin bu il aparılan növbəti yoxlama zamanı suyun bir hissəsinin buxarlandığı və maddənin əvvəlki sabitliyini itirdiyi müəyyənləşdirilib.
Nəticədə partlayıcı maddənin başqa yerə daşınmasının təhlükəli olduğu qənaətinə gəlinib. Hərbi və ekoloji qurumlar onun saxlanıldığı ərazidə nəzarətli şəkildə partladılmasını ən təhlükəsiz variant hesab ediblər.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 68 çəlləkdə saxlanılan maddənin məhv edilməsi üçün təcili icazə verib. Qurum partlayış riskinin insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaratdığını bildirib.
Təxminən 360 nəfərin yaşadığı Middletown qəsəbəsinin sakinlərindən partlayış və sonrakı toz çökməsi müddətində evlərini tərk etmələri istənilib. Təxliyənin yerli vaxtla saat 08:00-dan 14:00-dək davam etməsi nəzərdə tutulub.
Ordunun xəbərdarlığına əsasən, partlayış nəticəsində havaya qurğuşun hissəcikləri ilə zəngin zəhərli toz buludu yayıla bilər. Bu hissəciklərin əkin sahələrinə, oyun meydançalarına və digər açıq ərazilərə çökməsi ehtimal olunur.
Sakinlərə həmçinin açıq havada fəaliyyətlərdən çəkinmək tövsiyə edilib. Partlayış zamanı güclü səsin eşidiləcəyi, yeraltı təkanların hiss olunacağı və havada toz buludunun yaranacağı bildirilib.
Maddənin saxlandığı çəlləklər qumla doldurulmuş qoruyucu baryerlərlə əhatə olunmuş beton anbarların daxilində partladılacaq. Qurğuşun hissəciklərinin havaya yayılmasını azaltmaq məqsədilə anbarların üzərindəki torpağın əvvəlcədən su ilə isladılması da planlaşdırılır.
Əməliyyat ekoloji təşkilatların narahatlığına səbəb olub. İki ətraf mühit təşkilatı partlayışın dayandırılması üçün məhkəməyə müraciət edib. Təşkilatlar ordunun daha təhlükəsiz alternativləri kifayət qədər araşdırmadığını və yerli əhalinin vaxtında məlumatlandırılmadığını iddia edirlər. Ayova Ətraf Mühit Şurasının nümayəndəsi Maykl Şmidt qurğuşunun insan sağlamlığı üçün təhlükəsiz hesab edilə biləcək təsir səviyyəsinin olmadığını vurğulayıb.
Qeyd edək ki, əməliyyatın ilkin olaraq cümə günü keçirilməsi nəzərdə tutulsa da, sakinlərin və qanunvericilərin narahatlıqlarından sonra təxirə salınıb. Hərbçilər isə maddənin vəziyyətinin daha da pisləşə biləcəyini nəzərə alaraq məhv edilmənin gecikdirilməsinin əlavə risk yaratdığını bildiriblər.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin