Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirmək qərarına gəlib.
ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri yanvarın 28-də Tbilisidə səfərdə olublar. Səfər zamanı ABŞ rəsmiləri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani görüşüblər. Gürcüstan mediasının məlumatına görə, görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diqqət mərkəzində olub.
Eyni zamanda, Gürcüstanda gedən proseslər, hökumətin ölkənin iqtisadi artımını təşviq etmək üçün atdığı addımlar və gələcək planları, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Qarşılıqlı müzakirələrdə Gürcüstan-ABŞ münasibətlərinin və strateji tərəfdaşlığın möhkəmlənməsinin zəruriliyinə dair məsələyə də toxunulub.
Qeyd edək ki, son iki ildir ki, ABŞ-Gürcüstan münasibətlərində soyuqluq yaşanır. Gürcüstan ABŞ-nin Cənubi Qafqazda strateji tərəfdaşı hesab olunsa da, ikitərəfli münasibətlərdə əvvəlki ab-hava müşahidə olunmur. Bu yaxınlarda Tramp administrasiyası tərəfindən Davosda təşkil olunan “Beynəlxalq Sülh Şurası”nın təsis edilməsi mərasiminə üç Cənubi Qafqaz ölkəsindən yalnız ikisi - Azərbaycan və Ermənistanın dəvət olunması onu deməyə əsas verir ki, ABŞ-Gürcüstan münasibətlərində hələ də müəyyən problemlər yaşanmaqdadır.
Maraqlıdır, Vaşinqtonun Gürcüstanı diqqətdən kənarda saxlamasının, xüsusilə də “Beynəlxalq Sülh Şurası”na dəvət etməməsinin arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, bəzi səbəblərdən dolayı ABŞ-Gürcüstan münasibətlərində problemlər var:
“Münasibətlər əvvəlki dövrlərdə çox yüksək səviyyədə olub, hətta belə desək, Gürcüstan ABŞ-nin Cənubi Qafqazda strateji tərəfdaşı olub. Saakaşvilinin dövründə ABŞ və Gürcüstan bir-birinə çox yaxın olub, amma İvanişvili hakimiyyətə gələndən sonra inkişaf tempi müəyyən qədər səngiməyə başladı.
Saakaşvilidən sonrakı Gürcüstan hakimiyyətinin ABŞ-nin müxtəlif layihələrində iştirakına baxmayaraq, iki ölkə arasında əvvəlki kimi yaxınlıq müşahidə olunmurdu. Önəmli bir məqamı qeyd edim ki, 2024-cü ilin mayında Gürcüstan parlamentində “xarici agentlər haqqında, yəni ölkədə qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin qarşısının alınmasına yönələn qanun qəbul edildikdən sonra ABŞ-Gürcüstan münasibətlərində ciddi dəyişikliklər baş verməyə başladı. Xüsusilə də Bayden administrasiyası dövründə bu, daha çox özünü qabarıq göstərirdi. Baydenin dövründə Gürcüstanın ABŞ ilə münasibətləri bir qədər soyudu”.
A. Əlizadə vurğulayıb ki, Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmaqda maraqlıdır:
“Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin yenidən inkişaf edəcəyinə ümid edir. Tbilisi ikitərəfli münasibətlərin normallaşmasında qarşılıqlı addımların atılmasında maraqlıdır. Ancaq Gürcüstanın istəməsinə baxmayaraq, hadisələrin gedişatı tam fərqli vəziyyəti nümayiş etdirir. Məlumdur ki, Trampın Beynəlxalq Sülh Platformasına üzvlük üçün dəvət olunan 60 ölkə arasında Azərbaycan və Ermənistanın adı olsa da, Gürcüstanın adı yox idi. Onu da bildirim ki, fevral ayında ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana rəsmi səfəri gözlənilir. Gürcüstan isə Vensin səfər planına daxil edilməyib. Bütün bunlar, təbii ki, Gürcüstan hakimiyyətini məyus edir.
Rəsmi Tbilisi ABŞ ilə münasibətləri üst səviyyəyə qaldırmaqda maraqlı olsa da, habelə Trampın mühafizəkar mövqeyinə uyğun siyasət yürütsə də, hələ ki, münasibətlərin normallaşması istiqamətdə müsbət proseslər müşahidə olunmur. Gürcüstanın Rusiya ilə yaxın münasibətlər qurmağa çalışması da ABŞ-Gürcüstan münasibətlərinə təsir edən amildir”.
Deputat əlavə edib ki, Gürcüstan müxalifəti də bu məsələdə xüsusi rol oynayır:
“Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin Trampın andiçmə mərasmində iştirak etməsi Gürcüstan hakimiyyətində ciddi narahatlıq yaratmışdı. Amma istənilən halda ABŞ Cənubi Qafqazda geostrateji və geosiyasi mövqeyini möhkəmləndirməkdə maraqlı görünür. Hesab edirəm ki, Tramp administrasiyası dövründə Azərbaycan və Ermənistanla yanaşı ABŞ-nin Gürcüstanla münasibətlərinin normallaşması istiqamətində də addım atılacaq”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin