Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ernest Heminqueyin “Kilimancaronun qarı” hekayəsi haqqında 1957-ci ilin aprel ayının 15-də Virciniya universitetində apardığı növbəti ədəbi məşğələdə Ernest Heminqueyin nəsildaşı, həm də ədəbi-estetik rəqibi Uilyam Folkner tələbələrdən birinin ona ünvanladığı “Uzun cümlələrdən istifadə eləməklə hansı məqsədi güdürsünüz - şüur axını təsəvvürü yaratmaq istəyirsiniz, yoxsa öz fikrinizi bu yolla ifadə etmək sizin üçün daha asandır?” sualına belə cavab vermişdi: “Bu, eynilə dülgərin əlindəki iş üçün hansı alətin daha uyğun olacağını seçməsi kimi texniki məsələdir.
Bundan başqa, hər bir insanda öz ölümünü qabaqcadan hiss eləmək duyğusu var: bilirsən ki, iş üçün ayrılan vaxtın azdır, buna görə də insan qəlbinin bütün tarixini bir iynənin gözünə yerləşdirməyə çalışırsan.
Üstəlik, mənim üçün insan bütün hallarda öz-özlüyündə mövcud deyil, keçmişinin məhsuludur.
Keçmiş faktiki olaraq nəsə “vardı” kimi fəaliyyət göstərmir, o, “var”a keçib. Hər kişinin, hər qadının hər anında keçmiş var.
Buna görə də insan, əsərdə yaradılmış xarakter istənilən fəaliyyət məqamında onu məhz bu şəklə salan şeylərin hamısını özündə əks etdirir.
Uzun cümlə bütün keçmişi, imkan daxilində isə həm də gələcəyi qəhrəmanın hansı bir addımısa atdığı yeganə anda cəmləşdirmək cəhdidir”.
Bir dəqiqəyə min ilin qəziyyəsini yerləşdirməyə çalışan uzun, qat-qat cümlələr Heminqueyin yaradıcılığı üçün xarakterik olmasa da, iri, qollu-budaqlı roman qədər tutumlu dünya şöhrətli hekayəsində o, eynən bütün yazmadıqlarını bir sehirli abzasa sığdırmağı arzulayan qəhrəmanı kimi, puça çıxmış bütöv ömürdən qalan qəlpələri, qırıntıları balaca mətnin çuvalına doldurur.