Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün azadlığı ilə qürur duyduğumuz, azad siması ilə düşmən gözünə ağ olan Ağdamın inkişafına, yenidən qurulmasına, soydaşlarımızın yurd-yuvasına qayıdışına hər dəfə baxanda həm də ürəyimizi sızladan xatirələr canlanır gözlərimiz önündə: 27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı.
Gözəl hüsnündən əsər-əlamət qalmadı Ağdamın. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi.
Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...
27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı.
Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı.
Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları.
Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü.