Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33.6 km təşkil edir.
Sözügedən yolun ilk 11.7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21.9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur.
Torpaq yatağının eni müvafiq olaraq 15 və 26.5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır.
Hər bir istiqamət üzrə çiyinlərin eni 3.75 metrdir. Hazırda layihə boyu torpaq işləri görülür.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır.