Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm inkişaf etdikcə əsrin bəlası hesab ediən xərçəng yalnız müalicə edilə bilən deyil, həm də daha yaxşı nəzarət və idarə olunan bir xəstəliyə çevrilib. İldən ilə xərçəng xəstələri üçün müalicə protokoluna daha ümidverici inkişaflar yaranır. Yaxın keçmişdə xərçəng müalicəsi əsasən cərrahiyyə, kimyaterapiya və radioterapiya ilə məhdudlaşırdı. Lakin son 10-15 ildə xərçəng biologiyasının daha yaxşı tədqiq edilməsi ilə müalicə yanaşması kökündən dəyişib.
Hər xəstəyə eyni müalicəni tətbiq etmək əvəzinə, indi xəstənin şişinin genetik və molekulyar xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilmiş müalicə üsulları tətbiq edilir. Bu yanaşma həm müalicənin effektivliyini artırır, həm də lazımsız yan təsirləri azaldır.
Son illərdə xərçəng müalicəsində ən vacib inkişaflardan biri immunoterapiyadır. Bu müalicə üsulu xərçəng hüceyrələrini birbaşa hədəf almaq əvəzinə, immun sisteminin xərçəngi tanımasına və məhv etməsinə imkan verir. Ağciyər xərçəngi, melanoma, böyrək xərçəngi, sidik kisəsi xərçəngi və bəzi süd vəzisi xərçəngi tiplərində qalıcı nəticələr əldə edilə bilər. Bu vəziyyət "uzunömürlülük" anlayışını xərçəng müalicəsində real bir məqsədə çevirib.
Son illərdə elmin sürətli inkişafı hədəflənmiş və ağıllı terapiyaların daha ağır mərhələ xərçənglərində yeni müalicə variantları yaratmasına imkan verir. Hədəflənmiş terapiyalar bütün bədənə təsir etmək əvəzinə, yalnız xərçəng hüceyrəsini hədəf alır. Antikor və ya ağıllı dərman adlandırılan bu vasitə birbaşa xərçəng hüceyrəsinə çatır, sağlam toxumalara mənfi təsirlərin qarşısını alır, müalicədə effektivliyi artırır və yan təsirləri azaldır.
Bu müalicələr sayəsində əvvəllər məhdud müalicə variantları olan bir çox xəstə üçün yeni şans yaranıb, döş, ağciyər, mədə və ginekoloji xərçənglərdə sağ qalma və həyat keyfiyyətində yüksəliş əldə edilib. Hədəflənmiş immunoterapiya son 10 ilin ən innovativ müalicə üsullarından biri olub. Bu dərmanlar eyni vaxtda iki fərqli hədəf götürür, immun hüceyrələrini birbaşa xərçəng hüceyrəsinə yönəldir, şişlə immun sistemi arasındakı məsafəni aradan qaldırır və məhdud müalicə variantları olan xəstələrdə belə effektiv nəticələr verir. Xüsusilə hematoloji xərçənglərdə və toxuma şişlərdə yeni ümid olması daha çox xəstənin sağlamlığına qovuşması deməkdir.
Unutmayaq ki, xərçəng xəstəliklərinin böyük hissəsi ətraf mühit amilləri və sağlam olmayan həyat tərzi ilə əlaqələndirilir. Bu risklərin azaldılması xərçəngə tutulma riskinin azalmasına səbəb ola bilər. Xərçəng riskini azaltmaq üçün alkoqol, elektron siqaret, tütün məhsullarından uzaq olmaq vacibdir. Hava çirkliliyinə, siqaret tüstüsünə, zəhərli qazlara, kimyəvi boyalara məruz qalmaq, tikinti və sənaye mühitlərində qoruyucu maska taxmamaq da xərçəng təhlükəsi yaradır.
Emal olunmuş qidalardan imtina etmək, yuma prosesində meyvə-tərəvəzlərin pestisidlərdən tamamilə təmizləndiyinə əmin oldduqdan sonra istehlak etmək lazımdır. Çılpaq əllərlə kimyəvi maddələrə, təmizləyici və yuyucu vasitələrə təmas olmaz. Sağlam qidalanma, müntəzəm məşq, kifayət qədər yuxu və stressin idarə olunması kimi sağlam həyat tərzi vərdişləri də xərçəngə məru qalmaqdan qoruyan əsas şərtlərdir.
Lalə Mehralı