Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərliyi ilə AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında (BƏT) bir sıra görüşlər keçirib.
BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andrees, İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru Maria Helena Andre, eləcə də qurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasında əlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdən danışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib.
Müstəqilliyinin ilk illərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeyd edən Konfederasiya sədri hazırda "Sosial təminat (minimum standartlar)" Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, AHİK və üzv təşkilatlar əmək şəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir, AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılan müzakirələrdə fəal iştirak edirlər.
BƏT-in dəstəyi ilə Bakıda və ölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrinin iştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masa keçirilib.
Görüşlərdə, həmçinin AHİK tərəfindən "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası"nın qəbul olunduğu, eləcə də AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqından biri olduğu vurğulanıb.